Mesajlaşma sistemi sürücülərin diqqətini cəmləməsinə xidmət edəcək, yoxsa əksinə?

İctimai nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb:

Artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı “sürücü ekranı”  cihazları vasitəsilə əldə edir.

İlk belə məlumatlandırma  bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib”.

REDAKSİYADAN:

İlk baxışda innovativ təşəbbüs kimi görünür. Nəqliyyatın İntellektual İdarəetmə Sistemi qurulanda, bütün Bakı şəhəri üzrə dayanacaqlara kabel çəkilişi üçün küçəbəküçə yollar qazılıb  viran qoyulanda,  dayanacaqlara monitorlar asılanda da layihə insanlara cəzbedici gəlmişdi. Amma  yüz milyonlara manat vəsait xərclənmiş o sistemin faktiki olaraq heç kimə faydası olmadı.

Yeni sistem üzrə avtobus sürücülərinə göndərilən ilk mesajların qəribə məzmunu layihənin  səmərəli olacağını şübhə altına alır. Eyni zamanda bəzi suallar yaranır ki, buna da BNA əməkdaşlarının cavab verəcəyinə ümid bəsləyirik.

  • Əvvəla, sistem  hansı avtobus və ya marşrut xətlərində tətbiq olunacaq?
  • Bu, hansı zərurətdən yaranıb?
  • Sistemin qurulma və avadanlıq xərclərini kim ödəyir və ümumilikdə smeta mahiyyəti nə qədərdir?
  • Nəhayət, dəyərmi?

Sonuncu sual ilk mesajların məzmunundan törəyib: məgər bu mesajlarla sürücünü xəbərdar etmək lazımdır ki, o öz işini cibindəki sürücülük vəsiqəsindən doğan vəzifələr, eləcə də, imzaladığı əmək müqavilələri, xəttə çıxarkən aldığı təlimat şərtlərinə uyğun icra etsin?

Xüsusi elektron sistem qurub sürücüyə:

  • “sürət həddinə riayət edin, dayanacaq məntəqəsinə ehtiyatla daxil olun”.
  • “Təhlükəsizlik qaydalarına riayət edin, ara məsafəsini saxlayın. Tünellərdə və yoxuşlarda diqqətli olun”.
  • “Hörmətli sürücü! Hava şəraitini nəzərə alaraq yollarda ehtiyatlı olun”.

mesajları göndərilməsi gülüncdür!  Bu sadalanan bütün icraatlar sürücülərin bilavasitə peşə borcu, icrası zəruri və təxirəsalınmaz vəzifələridir. Əgər bunu hansı isə sürücüyə xatırlatmağa ehtiyac varsa, deməli, o sürücü  ya məsuliyyətsiz, ya da yol hərəkəti qaydalarından xəbərsizdir! Belə sürücüyə ümumiyətlə insan taleyini etibar etmək olmaz!

Təsəvvür edin,  xəstəxananın baş həkimi  əməliyyatın qızğın  vaxtında  cərraha mesaj göndərir:

Hörmətli, həkim! Diqqətli olun, qayçını xəstənin qarın boşluğunda unutmayın”

və ya

“Ehtiyatlı olun, böyrəyinin daşını çıxardarkən, ciyərini kəsməyin”.

Yaxud  təhsil idarələri  müəllimlərə mesaj göndərir:

Hörmətli müəllimlər, xahiş edirik uşaqlardan dərs soruşmağı, onlara elm və ev tapşırığı verməyi   unutmayın”.

Eləcə də baş redaktorlar müxbirlərini mesajla xəbərdar edir:

Hörmətli müxbir!  Cümlənin sonunda nöqtə qoymağı unutmayın. “Tövsiyə” sözü bir Y ilə yazılır…”

Bəli, təhlükəsizlik tədbirlərini gücləndirmək, sürücü məsuliyyətini artırmaq lazımdır və buna böyük ehtiyac var. Lakin bu, sürücü ilə mesajlaşmaqla ərsəyə gələn məsələ deyil.

Hətta iddia edirik, məhz təhlükəsizlik  baxımından ziyanlı da ola bilər. Sürücünün diqqətini  2 dəqiqədə 3 uzun mesajla, hətta o, bunları dayanacaqda oxusa (dinləsə) belə, yenə də yayındırmaq olmaz.

Bunu düşünən ideya müəllifləri praktik vəziyyəti nəzərə almalı idilər. Sürücünün  Bakı kimi mürəkkəb nəqliyyat hərəkəti və intensivliyi şəraitində diqqəti, zehni  onsuz da izafi “yüklüdür”  – o, avtobusun 4 çevrəsini, ön və arxa tərəfdəki avtomobil, eləcə də piyada hərəkətini  daim diqqətdə saxlamalı, eyni zamanda  bir gözü də  avtobusun içində olmalıdır.

İndi sizcə, bu yeni əlavə mesajlaşma sistemi sürücülərin diqqətini cəmləməsinə, yoxsa əksinə – yayınmasına xidmət edəcək?

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir