MSK sədri Məzahir Pənahov: "Bu, şərəf məsələsidir"

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkidən sonra, gecə yarıdan xeyli keçmiş mətbuat konfransında seçki prosesinin gedişindən bəhs edib.

O, kütləvi informasiya vasitələrinə, eləcə də vətəndaşlara müraciət edərək  seçki zamanı qeydə aldıqları qanun pozuntuları haqqında əllərində olan fakt və materialları Mərkəzi Seçki Komissiyasına təqdim etmələrini istəyib.

Məzahir Pənahov bütün təqdim olunacaq materiallara və müraciətlərə diqqətlə yanaşılacağını, faktların araşdırılacağını, təsdiqini tapacaq hallar üzrə günahkarların ciddi şəkildə cəzalandırılacağını  bəyan edib və deyib:

Bu, şərəf məsələsidir. Hansı tərəfin təmsilçisi, subyekti olmasından asılı olmayaraq, aşağı seçki məntəqələrinin hərəkətlərinə qanunvericiliyin tələbləri çərçivəsində qiymət veriləcək. Lazım gəlsə, materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək”.

MSK sədrinin məlumatına görə, qaynar xəttə 261 müraciət olub. O, bu müraciətlərin də  ciddi araşdırılacağını vurğulayıb.  Eyni zamanda veb-kamerların qeydiyyatlarına da baxılacağını  deyib.

Məzahir Pənahov ilkin nəticələrin bu gecə açıqlanacağını söyləyib. Adətən  protokolların 70-75%-nin  MSK-ya daxil olduqdan sonra nəticələri açıqladıqlarını  xatırladan sədr  hələlik bunun 60 faiz civarında olduğunu İnformasiya Mərkəzinin əməkdaşlarından öyrənib və fasilə elan edib. Lakin bundan sonra zaldakı jurnalist xanımlardan biri ilə  sual polemikasına girib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir