Müsavat Partiyası parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir

Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar parlament seçkiləri demokratik seçkiqabağı mühit, müvafiq hüquqi baza və bərabər siyasi rəqabət olmadan keçirilib – bunu Müsavat Partiyası  seçkiyə ilkin münasibətində bildirib. Partiyanın bəyanatında deyilir:

Növbədənkənar seçkilər keçirilməsinin səbəbləri aydın şəkildə izah edilməyib, seçkilər növbədənkənar olduğuna və qəfil təyin edildiyinə görə isə siyasi qüvvələr və ictimaiyyət seçkilərə hazırlaşa bilməyib. Müxalifətin və beynəlxalq orqanların seçki islahatı ilə bağlı təklifləri müzakirə olunmayıb.

Səsvermə və səslərin hesablanması prosesi kütləvi pozuntularla müşaiyət olunub. Azərbaycan parlamentinə seçkilər azad və ədalətli olmayıb, seçkilərin elan edilən nəticələri isə xalqın iradəsini əks etdirmir. Saxtalaşdırmalar yolu ilə formalaşdırılmış Milli Məclis Azərbaycan Respublikasının qanunverici orqanı funksiyalarını yerinə yetirə bilməz, deyə bəyanatda qeyd edilir”.

Müsavat Partiyası yeni parlament seçkisi keçirməyi  istəməklə tələb edir:

  • – Azərbaycan Milli Məclisinə növbədənkənar 9 fevral seçkilərinin nəticələri ləğv edilsin;
  • – ölkədə real siyasi islahatlar həyata keçirilsin;
  • – seçkiqabağı demokratik şərait yaradılsın;
  • – fundamental azadlıqlar təmin edilsin;
  • – siyasi məhbuslar dərhal azad edilsin;
  • – müxalifət və beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, Seçki Məcəlləsinə dəyişikliklər edilsin;
  • – bərabər siyasi rəqabət şəraiti yaradılsın.

 


Mənbə: Turan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir