Gürcüstanın azərbaycanlı nümayəndəsi niyə Azərbaycan dilində çıxış etməyib?

Azərbaycan Milli Məclisinə keçirilən seckilərdə müşahidəçi kimi iştirak edən Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev (Seçkiəri işıqlandıran “Seçki-2020” Müstəqil Media Mərkəzinin Savalan MirzOyev kimi təqdim etdiyi nümayəndə) parlament seçkilərinə münasibət bildirib.  Amma onun çıxışı seçkilərə münasibətdən daha çox  Azərbaycana və Azərbaycan dilinə münasibəti baxımından daha “maraqlı” olub.

Qonşu ölkənin, özü də Azərbaycana dost dövlətin təmsilçisi, eyni zamanda azərbaycanllı millət vəkili Savalan Mirzəyev Gürcütanın dövlət dilində – gürcücə bəyanat verib.

Əgər bu protokol qaydalarına uyğundursa, niyə ona tərcüməçiliyi Gürcüstanın digər rəsmi nümayəndəsi –  Marneulinin azərbaycanlı meri Zaur Darğallı  edib?

Başqa ölkənin təmsilçisi olsa belə, bir azərbaycanlının Azərbaycanda Azərbaycan dilinə bu sayaq münasibət göstərməsini  Azərbaycan ictmaiyyəti birmənalı qarşılamayıb. Sosial şəbəkələrdə bu sərt dillə qınanılıb və mətbu orqanlar bu barədə tənqidi çıxış edib.

“Xural” bu barədə yazıb:

“Azərbaycan tarixində görünməmiş olan öz ana dilinə hörmətsizlik etmək yetməyib, nonsens digər hadisə Marneulinin azərbaycanlı merinin ona tərcüməcilik etməsi olub. Savalan Mirzəyevin hansı niyyətlə bunu etməsi çox maraqlıdır. Azərbaycanlı olasan, Bakıda – Azərbaycanın qəlbində Azərbaycan dilində danışmaqdan imtina edəsən? Bu, Azərbaycana, Azərbaycan dilinə, Azərbaycan xalqına qarşı görünməmiş hörmətsizlikdir. Həbs edilmiş eks-MTN generalı Akif Çovdarovun qohumu olan Savalan Mirzəyev daima Azərbaycanın dəstəyini alıb. Bakıda rəsmi və qeyri-rəsmi məclislərdə, görüşlərdə hörmətə və izzətə layiq görülüb. Əvəzini isə öz ana dilinə, Azərbaycana qarşı hörmətsiliklə ödəyib”.

Əgər bu rəsmi səfər olsaydı, bəlkə də bunu anlamaq mümkün idi. İndiki halda isə bu, həqiqətən də, nonsesdir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir