MSK önündəki etriaz aksiyası dağıdılıb, DİN bəyanat verib

Mərkəzi Seçki Komissiyasının binası önündə oturaq etiraz aksiyası keçirən Rəbiyyə Məmmədova sosial şəbəkə vasitəsilə digər namizədləri də bu aksiyaya qoşulmağa çağırıb. Bir müddət sonra onun ətrafına müxtəlif şəxslər, o cümlədən jurnalistlər yığışmağa başlayıb.

Namizədin verdiyi son məlumata görə, aksiya iştirakçıları və orada olan jurnalistlər polis avtobusu ilə naməlum istiqamətdə aparılıb. Onun iddiasına görə,  iştirakçılara və jurnalistlərə qarşı zor tətbiq olunub, xəsarət alanlar var.

Bu barədə avtobusda olan jurnalistlərdən biri yazıb:

Hara aparıldığımızı bilmirəm. Avtobusda 22 nəfər var. Polis saxlanılan zaman iştirakçılara və jurnalistlərə zor tətbiq etdi”.

Saxlanılanlar içində namizədlərdən Rəbiyyə Məmmədova, Toğrul Vəliyev, Fərhad Mehtiyev, Elman Quliyev, Turqut Qənbər, Arzulla Buludlu, aktivistlərdən Gülnarə Mehtiyeva, Vəfa Nağı, Bayram Məmmədov, Rüstəm İsmayılbəyli, Qiyasəddin İbrahim, jurnalistlərdən Aygül Mehman, Aynur Elgünəş, Aytac Tapdıq, Aytən Məmmədovanın olduğu bildirilir.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hadisə zamanı yalnız bir nəfər saxlanılıb:

“Bu gün axşam saat 18:00 radələrindən başlayaraq bir qrup şəxs Mərkəzi Seçki Komissiyasının qarşısında icra orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Saat 20:00 radələrinə qədər MSK-nın nümayəndələri həmin şəxslərlə söhbət aparıblar. Lakin icazəsiz aksiyanın nümayəndələri MSK-nın izahedici söhbətlərini dinləməyiblər, öz qanunsuz hərəkətlərini davam etdiriblər. Belə olduğu təqdirdə MSK nümayəndələri ərazi üzrə polis orqanına müraciət ediblər.

Polis əməkdaşları hadisə yerinə gələrək qanunsuz aksiyanın dayandırılmasını tələb ediblər. Polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq etsələr də, həmin şəxslər ictimai asayişin pozulmasına yönələn hərəkətlər etməyə cəhd ediblər.
Nəticədə polis əməkdaşları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polisin qanuni tələblərinə əməl etməyən bir nəfər saxlanılıb. Araşdırmalardan sonra da həmin şəxsin barəsində müvafiq tədbirlər görüləcək”.

E.Zahidov qeyd edib ki, qanunsuz aksiyanın qarşısı alınan zaman heç kəs xəsarət almayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir