İdlib ətrafında konfrontasiya dərinləşir, müharibə açıq müstəviyə keçə bilər

Türkiyənin  cəza əməliyyatları nəticəsində iki gündə Əsəd rejiminin 150-dən çox canlı qüvvəsi, sursat anbarı, bir neçə zirehli texnikasının məhvindən sonra rejim yazılı bəyanatla buna cavab verəcəyini bildirib.

Halbuki, razılaşmanı pozan və iki dəfə Türkiyə hərbçilərinə xaincə zərbə endirən Əsəd rejimi olmuşdu. Nəticədə 14  şəhid verilmiş, 45 nəfər yaralanmışdı. Bura Türkiyənin ordu mənsubları və mülki qulluqçular daxildir.

Qeyd edək ki, Türkiyə İdlib ətrafında müşahidə məntəqələrini beynəlxalq razılaşma ilə qurub və anlaşmanın tərəfləri Suriyanın təmsilçiləri – Rusiya və İran olub.

Suriya hakimiyyəti – Əsəd rejimi faktiki olaraq formal xarakter daşıyır və dövlət adına  səlahiyyətlər əsasən Rusiyaya, qismən İrana  aiddir.  Döyüş səhnəsində  Rusiya və İran təmsilçiləri bilavasitə ön sıralarda olmasalar da, müxtəlif hərbiləşdirilmiş dəstələr bu iki dövlətin himayəsi, hər cür dəstəyi ilə fəaliyyət göstərir.

Suriyanın nizami ordusu, eləcə də  hakimiyyət və hərbi infrastrukturu illər öncə tamamilə məhv edilib.  Əsəd hakimiyyəti Rusiya və İranın marionet dekorasiyasıdır.

Əgər rejim gücləri “Türkiyəyə cavab veriləcək” deyirsə, – bu, əslində Rusiya və İranın səsidir.

Şübhəsiz, Türkiyə bu hal üçün də alternativ plana malik idi və onun icrasına ciddi hazırlıq gedir.

Sərhəd zonasından verilən xəbərlərə görə, hər  sutka 2000-ə yaxın iri hərbi texnika konvoy halında Suriya ərazisinə keçir. Türkiyə açıq hərbi qarşıdurmaya hazırlaşır və dövlət təmsilçiləri tərəfindən nümayiş olunan qətiyyətli siyasi iradə bunun yaxında baş verəcəyinə dəlalət edir.

Dünən Türkiyə Prezidenti İdlib planını bu gün açıqlayacağını demişdi.

O, bugünkü çıxışında bundan danışaraq vurğulayıb:

Artıq sözə deyil, real vəziyyətə baxıb hərəkət edəcəyik”.

Prezident Soçi və Adana razılaşmalarını xatırladaraq rejim güclərinin bu sənədlərlə müəyyənləşdirilmiş mövqelərə çəkilməyəcəyi təqdirdə buna güc tətbiqi ilə nail olacaqlarını qeyd edib.

Ərdoğan əgər Türkiyə hərbçilərinə bir daha atəş açılacağı halında rejim güclərinin mövqeyindən asılı olmayaraq hər yerdə hədəfə alınaraq təqib olunacaqlarını (vurulacaqlarını) söyləyib.

Beləliklə, Türkiyə Prezidenti  Suriya ərazisində əməliyyatların daha geniş coğrafiyada sürdürülə biləcəyinə işarə vurub.

Zatən Suriyaya göndərilən hərbi kontingentin tərkibi və miqdarı növbəti etapda savaşın mövqe atışması olmayacağını göstərir.

Fevralın sonuna qədər vaxt verilməsi siyasi motivlərlə yanaşı, hərbi hazırlığın sona çatdırılması, hərbçilərin mövqelərə yerləşdirilməsi məqsədi də daşıya bilər.

Rusiya yenə də ikibaşlı oyununu davam etdirərək Türkiyəni bu strategiyadan çəkindirməyə çalışır.  Bununla belə nəzərdən qaçırır ki, Türkiyə ABŞ-a rəva bilmədiyini onlara güzəşt etməyəcək: Yəni Rusiya və İran güclərinin sərhədlərinə çıxmasına imkan verməyəcək.

Prezident Ərdoğan bugünkü çıxışında təxminən belə bir fikir söyləyib:

Sabah öz ərazimizdə aparacağımız mübarizəni bu gün burada (red: Suriya ərazisində) aparırıq”.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir