Prezident: "Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir"

 Prezident: "Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir"

“Bildiyiniz kimi, mənim sərəncamımla bu il Azərbaycanda “Könüllülər ili” elan olunmuşdur. Bu onu göstərir ki, Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir. İndicə mənə stendlər üzrə edilən təqdimat bir daha onu göstərir ki, Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında deyib.

Dövlət başçısı bildirib: “Könüllülər hərəkatı, əslində, ölkəmizdə “ASAN xidmət” mərkəzlərində başlamışdır. Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər.

Bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da. Amma hesab edirəm ki, Könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər:

Çünki könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək, mədəni davranış – bütün bunlar bizim genetik kodumuzda yazılmış sarsılmaz dəyərlərdir. Sadəcə olaraq, könüllülər xalqımıza xas olan bütün bu müsbət amilləri, əlamətləri özündə cəmləşdirərək, bu gün bir hərəkat kimi fəaliyyət göstərirlər”.

Təsadüfi deyil ki, könüllülər Azərbaycan cəmiyyətində çox böyük rəğbətlə qarşılanırlar, o cümlədən “ASAN xidmət” mərkəzlərində. Əslində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi.

Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi”.

İndi isə “ASAN xidmət” mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır, müasir dövlətin növbəti uğurudur.

Xalqımıza xas olan bütün müsbət əlamətlər, eyni zamanda, müasirlik, texnologiyalar, innovasiyalar “ASAN xidmət”də özünü büruzə verir:

Ölkə maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amil lazımdır. İlk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. Bu gün bu, cəmiyyətimizdə var və siz gənclərdən asılıdır ki, həmişə olsun. Çünki ölkəmizin gələcək taleyi sizin kimi müasir, bilikli, istedadlı gənclərin əlində olacaq. Əlli ildən, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünya görüşündən asılı olacaq. Ona görə biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq. İndiki şəraitdə bunu etmək o qədər də asan deyil. Çünki indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir