Rusiyada bir gündə rekord sayda əməliyyat keçirən cərrah azərbaycanlıdır

Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun oftalmoloq-cərrahı Emin Usubov Rusiya cərrahlığı tarixində bir gündə  əməliyyat sayına görə  rekorda imza atıb: o, 56 uğurlu əməliyyat keçirib.

Əslən azərbaycanlı olan cərrah Emin Usubov  cari ilin fevral ayının əvvəlində Başqırdıstan Prezidentinin tapşırığı ilə regionlarda oftalmologiyanın inkişaf etdirilməsi məqsədilə İşimbay rayonuna ezam olunub.  Onu bu ezamiyyətdə digər həkim həmkarları müşayiət edib. Onlar İşimbay  Mərkəzi Xəstəxanasına gələrək göz xəstəliklərinin müalicəsinə, əməliyyatlar aparmağa başlayıblar.

Fevralın 11-də Emin Usubov əməliyyat siyahısında olan 56  nəfər  pasiyentin hamısının gözündə bir gün ərzində müvəffəqiyyətlə əməliyyat aparıb. Həftə ərzində isə o, ümumilikdə 150 əməliyyat həyata keçirib.

Ona qədər Rusiyada bir gündə ən çox göz əməliyyatı edən Renat Qazaxbəyov olub. O, ötən il bir gündə 50 əməliyyat keçirməyə müvəffəq olub. Qeyd edək ki, Renat Qazaxbəyov da Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun əməkdaşıdır.

Emin Usubov – oftalmoloq, tibb elmləri doktorudur. O, Azərbaycanda anadan olub və təhsil alıb. Ufada 2003-cü ildən – Azərbaycan Tibb Universitetini bitirdiyi  vaxtdan yaşayır. 2012-ci ildən Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyir. Ümumi  əmək stajı 17 ildir. Rusiya Federasiyasının 4 patentinin və 15 elmi məqalənin müəllifidir.

E.Usubov əsasən katarakta müalicəsi üzrə ixtisaslaşıb.

Qeyd: Xatırladaq ki, Emin Usubov və onunla olan bir nəfər  4 il əvvəl – 2016-cı ilin aprelində Ufanın Nijeqorodka kəndində 6 nəfərdən ibarət sərxoş dəstənin hücumuna, fiziki zorakılığına məruz qalmışdı.

Beysbol sopası ilə başına zərbələr alan E.Usubov ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı: onun kəllə sümüyü sındırılmış, beyninə ağır dərəcəli zədə dəymişdi. Uzun müddət ciddi müalicə alan, aparata qoşulu və süni komada saxlanılan həmyerlimizin yenidən aktiv həyata qayıdacağına, sağlamlığına qovuşacağına çoxları inanmırdı.

Amma həmkarları onun sağlamlığını bərpa etməyə nail olmuşdular.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir