İşə qəbulda sağlamlıq haqqında arayış tələb oluna bilər?

Sual:

Hansı hallarda əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər və ya onlardan bu tələb oluna bilər?

Cavab: 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48.5-ci maddəsinə əsasən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.

Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısını  Nazirlər Kabineti təsdiq edib:

İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin

SİYAHISI

 

  1. Yüksəklikdə və hündürə qalxmaqla, habelə qaldırıcı qurğular, stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər, eskalatorlar, kanat yolları, funikulyorlar və liftlər, o cümlədən körpülü, portal və qülləli kranlar, vışkalar, sərnişin və yük liftləri, asma sərnişin və yük kanat yollarına xidmətlə bağlı yerinə yetirilən işlər.
  2. Dövlət meşə mühafizəsi, meşənin qırılması, daşınması və ilkin emalı ilə əlaqədar işlər.
  3. Neft-qazçıxarma sənayesində (magistral neft-qaz boru kəmərləri daxil olmaqla), o cümlədən dəniz qazması və geoloji kəşfiyyatla əlaqədar işlər.
  4. Dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi üzrə və yeraltı şəraitdə aparılan bütün növ işlər.
  5. Hidrometeorologiya stansiyalarında, yüksək dağlıq, çöl rabitə qurğularında, çətin coğrafi iqlim şəraitində olan işlər.
  6. Ucqar, çətin keçilən, bataqlıq və dağlıq rayonlarda geoloji kəşfiyyat, topoqrafik, tikinti və s. işlər.
  7. Qara və əlvan metallurgiya üzrə zərərli fiziki, termik, kimyəvi təsirlərlə bağlı, qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması üzrə bütün növ işlər.
  8. Kənd təsərrüfatında zəhərli kimyəvi maddələrlə tozlandırma, çiləmə və bu maddələrin daşınması, yüklənməsi, boşaldılması işləri.
  9. Partlayış, zəhərlənmə, güclü zəhərlənmə, tezalovlanma, tezalışma təhlükəsi olan istehsalat sahələrindəki işlər.
  10. Təhlükəli yüklərin qəbulu, saxlanması, yüklənməsi və boşaldılması, hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması, təhlükəli yükləri daşıyan vaqonların, xüsusi sisternlərin və konteynerlərin yuyulması və təmizlənməsi ilə bağlı işlər.
  11. Mexaniki avadanlıqlarda (tokar, frezer və digər ştamplayıcı preslərdə) işlər.
  12. Bütün növ nəqliyyatın hərəkəti ilə bilavasitə əlaqədar olan işlər, o cümlədən nəqliyyat bələdçiliyi.
  13. Radioaktiv və elektromaqnit şüalanma ilə bağlı işlər.
  14. Neft-kimya, neft emalı və kimya sənayesində toksiki maddələrlə əlaqədar olan bütün işlər.
  15. Təzyiq altında olan və suqızdırıcı avadanlıq və qurğulara xidmətlə bağlı bütün işlər.
  16. Maşinist (ocaqçı), qazanxana operatorları və qaz nəzarəti xidmətində olan bütün işlər.
  17. Odlu silah daşımaq və tətbiq (istifadə) etməyə icazəsi olan hərbiləşdirilmiş mühafizə, xüsusi rabitə, inkassasiya aparatı xidməti, bank sistemində olan bütün işlər.
  18. Qazdan xilasetmə xidməti, açıq qaz və neft fontanlarının qarşısının alınması və ləğv edilməsi, dağ, dağ xilasetmə və yanğından mühafizə xidməti ilə bağlı işlər.
  19. Növündən asılı olmayaraq elektrik gərginliyi olan qurğulara xidmətlə bağlı işlər.
  20. Heyvandarlıq fermalarındakı bütün işlər.
  21. Su kəməri qurğularına, su ehtiyatı anbarlarına xidmətlə bağlı bütün işlər.
  22. Yeyinti məhsulları müəssisələrində, südçülük fermalarında, süd mətbəxlərində, ərzaq baza və anbarlarında qida maddələri ilə, onların istehsalı, saxlanması və satılması ilə bağlı bütün işlər.
  23. İaşədə, ticarət müəssisələrində, o cümlədən bütün müəssisələrin, nəqliyyatın və vağzalların bufet və qida bloklarında olan işlər.
  24. Tədris-tərbiyə müəssisələrində olan bütün işlər.
  25. Uşaq və yeniyetmələrin sağlamlıq müəssisələrində olan bütün işlər.
  26. Məktəbəqədər təhsil müəssisələrində olan bütün işlər.
  27. Müalicə-profilaktika müəssisələrində, sanatoriya, istirahət evləri, pansionat,ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində bilavasitə xəstələrin qidalanması ilə əlaqədar olan işlər.
  28. Xəstələrin diaqnostikası və müalicəsi ilə bağlı, o cümlədən doğum evlərində (şöbələrində), uşaq xəstəxanalarında (şöbələrində) yenidoğulmuşların, vaxtından qabaq doğulmuşların patologiyası şöbələrində olan işlər.
  29. Dərman maddələrinin hazırlanması, qablaşdırılması və satışı ilə məşğul olan apteklərdə, farmasevtik zavod və fabriklərdə olan işlər.
  30. Kompüter operatorları və proqramçıları.
  31. Əhaliyə sanitar-gigiyenik, məişət xidməti göstərən müəssisələrdə olan işlər.
  32. Üzgüçülük üzrə məşqlər, təlimlər, müalicəvi su prosedurları ilə bağlı işlər.
  33. Mehmanxana və yataqxanalarda məsul və xidməti işlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 23 nömrəli qərarı ilə  təsdiq edilib

Qeyd: 2019-cu ilədək qanunvericilikdə edilmiş dəyişikliklər  siyahıda  nəzərə alınıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir