30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə 5 məntəqənin nəticələri ləğv olunub

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb.

 MSK üzvü İlham Məmmədov bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videgörüntülər var:

Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb. 12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlinib”.

İ. Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb: “Görüntülərdə mənfi hallarla yanaşı, məntəqə seçki komissiyalarının müsbət fəaliyyətini də müşahidə etmişik”.

MSK şikayəti müzakirə edib və qismən təmin edilməsinə qərar verib. Qərarda 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib.

Bu qərar qəbul olunandan sonra deputatlığa namizəd Samirə Rəfullayevanın yenidən  təqdim etdiyi videogörüntülərə baxılıb.

Bundan  sonra 1 saylı seçki məntəqəsində də səsvermənin nəticələrinin etibarsız sayılması səsə qoyulub və  bu məntəqədə də səsvermənin nəticələri ləğv edilib. 

Beləliklə, 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə 5 məntəqənin nəticələri etibarsız elan olunub. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir