20 Fevral - Ümümdünya Sosial Ədalət Günüdür: Azərbaycanda sosial Ədalət var?!.

Sosial ədalət –  sadəcə etik norma deyil, bu, milli sabitliyin, qlobal rifahın təməlidir. Bərabər imkanlar, həmrəylik və insan hüquqlarına hörmət millət və xalqların potensialının məhsuldar mənimsənilməsi üçün son dərəcə vacibdir”.

Sosial ədalətin qısa tərifini BMT-nin 8-ci Baş katibi Pan Qi Munun bu sözləri ilə vermək olar.

20 Fevral – Sosial Ədalət Günü 2009-cu ildən bu yana dünyada hər il qeyd olunur. BMT Baş Assambleyasının 26 Noyabr 2007-ci il tarixli  xüsusi qətnaməsi ilə elan edilib.

Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər  20 Fevral – Ümümdünya Sosial Ədalət Günündə hər il müəyyən bir mövzuda sosial ədalət tədbirləri keçirirlər.

Bu günün təsis edilməsində məqsəd bəşəriyyəti yoxsulluğun aradan qaldırılmasına, insanların məşğulluğuna və layiqli işlə təmininə, bərabərliyə, eləcə də sosial rifaha təşviq etməkdir.

Bir sözlə, Ədalət təkcə mülkün deyil, hər dəyərin təməlidir!

Əgər bir cəmiyyətdə sosial ədalət yoxdursa, orada hər hansı təkamüldən, köklü inkişafdan, rifahdan,  mənəvi dəyərlərin və hüququn aliliyindən, müstəsna hakimliyindən bəhs etmək əbəsdir.

Azərbaycanda sosial ədalət varmı? Şübhəsiz, hər kəsin bu suala öz korporativ maraqlarından və sosial mənsubiyyətindən doğan baxışı olacaq: kiminə görə – var, kiminə görə – yoxdur…

Bir də bu suala cildimizdən (cibimizdən) kənardan və bütün Azərbaycanı əhatə edən miqyasda baxsaq, cavab heç də ürəkaçan olmayacaq.

Korrupsiya və rüşvətxorluq, tayfa və ya yerlibazlıq sosial həyatın bəzi sahələrində hələ də normadır. Hədəfi qlobal  rifah deyil, şəxsi təminat olan karyeristlik dövlət və cəmiyyətlərin xərçəngidir.  Bunlardan qurtulmadan isə Sosial Ədalət bərqərar ola bilməz.

Torpaqlarımız hələ də işğal altındadır. Erməni yalanları, həyasızlığı, ədalətsizliyi  ayaq açıb yeriyir. Deməli, əslində qlobal anlamda heç dünyada da sosial Ədalət yoxdur.  Bununla belə, nisbilik nəzəriyyəsi ilə: haradasa az, harada isə çox dərəcədə…  həm də, var.

İdeal cəmiyyət, ideal Ədalət heç nəzəri cəhətdən mövcud ola bilməz. Ən azı ona görə ki, maddi təməlli hər şeyə ideallıq yaddır  – hətta ideal atom və ya molekulyar quruluşa malik element yoxdur…

Lakin hər bir halda  təbii xəta norma deyil, mahiyyəti dəyişməyən istisnadır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir