Diqqət: Koronavirusla əlaqəli İran ziddiyyətli və qəribə açıqlamalar verir

İran ölkəmizlə həmsərhəd və gediş-gəlişli ölkə olduğundan oradakı epidemioloji vəziyyət və yeni növ koronavirusla – Covid-19-la bağlı xəbərlər təhlükəsizlik baxımından bizim üçün çox əhəmiyyətlidir.

Dünən İran rəsmiləri “Qeydə alınsa, dərhal xəbər verəcəyik” kimi vədlərinə istinadla iki nəfərdə Covid-19 aşkar edildiyi, onların cəmiyyətdən təcrid olunaraq karantinə yerləşdirildiyi haqqında məlumat yaymışdı.

Bu xəbərdən qısa müddət, cəmi bir neçə saat sonra isə dünya mediası İran mənbələrinə istinadən cənub qonşumuzun ərazisində iki nəfərin Covid-19-dən həyatlarını itirməsi barədə məlumat yaymağa başladı.

İran Səhiyyə Nazirliyi bu gün xəbəri təsdiq edib.  Qurumun sözçüsü Kianush Jahanpour  “Twitter”də bu iki nəfərin Qum şəhərindəki xəstəxanada müalicə alarkən “yaşlılıq və immunitet sisteminin çatışmazlığı” səbəbiylə öldüklərini yazıb.

Səhiyyə nazirinin müavini Qasem Janbabaei Gənc Jurnalistlər Klubuna (YJC) hər iki şəxsin İran vətəndaşı olduğunu söyləyib. Eyni zamanda İranda başqa yoluxma halının olmadığını qeyd edib.

Suallar doğuran qəribə xəbər isə İRNA dövlət xəbər agentliyinə aiddir. Agentlik iddia edir ki,  koronovirusdan həyatlarını itirən bu şəxslər  xarici ölkələrə, hətta Qum əyalətinin digər ərazilərinə belə səyahət etməyiblər.

Elə isə, bu şəxslər Covid-19-a neçə və harada yoluxub? Əgər başqa yoluxan yoxdursa, niyə əyalətdəki məktəb və universitetlər bu gün  bağlanılıb?

“BBC Fars xidmət”i ehtimal edir ki, Covid-19-a yoluxma şübhəsi olan 25 nəfər  Qum şəhərindəki eyni xəstəxanada karantindədir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə,  Covid-19-a 75 min 197 yoluxma qeydə alınıb. Bunlardan  2009 nəfər həyatını itirib.

Yalnız 918 yoluxma və 3 ölüm hadisəsindən başqa  hamısı Çində qeydə alınıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir