Dövlət başçısı: “Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir”

 Dövlət başçısı: “Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir”

“Biz bütün başqa sahələrdə də əməkdaşlığa açığıq. Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda deyib.

Dövlət başçısı bildirib: “Əminəm ki, biznes forum çərçivəsində Azərbaycanda görüləcək işlər haqqında təqdimat ediləcək və İtaliya şirkətləri məlumatlandırılacaqlar. Xüsusilə, içməli su layihələri, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması bu gün gündəlikdə duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi Abşeron yarımadasının neft hasilatına görə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Azərbaycan dövləti bu məqsədlərə böyük vəsait ayırır. Bildiyimə görə, İtaliya şirkətləri bu sahədə hələ ki fəal işləmirlər. Digər Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə edirlər. Ona görə mən İtaliya şirkətlərini bu sahəyə dəvət edirəm. Əminəm ki, Azərbaycan hökumətinin üzvləri bu məsələ ilə bağlı lazımi məlumatı təmin edəcəklər.

Əminəm ki, elektroenergetika sahəsində imzalanmış memorandum icra ediləcək. Yenə də qayıdıram Davos Ümumdünya İqtisadi Forumunun hesabatına. Orada göstərilir ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Bizim bütün yaşayış məntəqələrimiz elektrik enerjisi ilə təchiz edilib. Biz elektrik enerjisini ixrac edirik.

Bu ilin yanvar ayında iki böyük şirkətlə 440 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər imzalanıb. İtaliya şirkətlərini də bu sahəyə dəvət edirik. Bizim bərpaolunan enerji ilə bağlı çox böyük potensialımız var. Azərbaycanda İtaliyadakı kimi, günəşli günlər kifayət qədər çoxdur. Ancaq İtaliyadan fərqli olaraq küləkli günlər də çoxdur. Bəzən bu, problem yaradır. Ancaq bərpaolunan enerjinin istehsalı üçün, hesab edirəm ki, bu, əlverişli amildir. Ona görə bu sahəyə də İtaliya şirkətlərini dəvət edirik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir