Son günlərdə gündəmə daxil olmuş “vunderkind”lə əlaqəli video-çarxa baxarkən, onun anasına olan “münasibət”inin məndə yaratdığı təəssüratların imla etdiyi fikirlər…
- İnsanı insan edən nədir?
- Nədir münasibətlərdə ilk olaraq gözə batan?
Uzunvədəli olaraq, daha çox nəyi münasibətlərdə görmək istəyirik? - O nədir ki, kollektivdə (ailədə, işdə, dostluqda…) müəyyən müddət keçsə də, köhnəlmir, adiləşmir, əksinə, öz təsirini qoruyub saxlayır?
Bəzən pulu, maddiyyatı əsas götürürük başqaları ilə münasibətlərimizdə… Amma elə ki pul sahibinin, cah-calal yiyəsinin dayaz düşüncəsi, mədəniyyətdən uzaqlığı məlum oldu, gözümüz pul gəzmir, iştahamızı cah-calal çəkmir…
Elə də olur ki, təhsili, savadı, diplomlu olmağı, xaricdə oxumağı şərt kimi qoyuruq münasibətlərimizdə, düşünürük ki, məhz bilikli insanlarla ünsiyyətdən həzz alacağıq, münasibətdən rahatlıq tapacağıq… Həyat yoldaşı seçərkən, dost axtararkən, kollektivi müəyyənləşdirərkən bu cəhətə köklənir və addımımızı atırıq… Lakin gün keçir, həftələr geridə qalır və biz istədiyimizi əldə edə bilmirik. Məhz intellektuallığı əsas tutduğumuz münasibətlərdə biliyi olsa da, mədəniyyət sarıdan korluq çəkən müştəbeh şəxslərlə, təvazökarlıq nədir bilməyən, təşəxxüs satan lovğalarla, ixtisasında zirvələrə qalxsa da, əxlaqda dibə enənlərlə üz-üzə gəlirik… İçimizdən tək istək keçir: “Kaş bir az adam ola idi!”
Amma ilk dəfə gördüyümüz, tanıdığımız kimsədə yüksək əxlaq, sadəlik, mənəvi ucalıq, böyüklük, nümunəvilik gördükdə qeyri-ixtiyari olaraq ona bağlanırıq, tanışlığımıza sevinirik, dostluq qurmağa can atırıq. Bu, əxlaqın, mənəviyyatın, mədəniyyətin təntənəli qələbəsidir; “insan necə olur” sualına verilən praktik cavabdır bu!
Adam axtarırıq, humanist, təvazökar, sadə, mədəni, əxlaqlı, fədakar, altruist tərəf-müqabili axtarışına çıxırıq… Çünki insan təkcə bioloji varlıq deyildir, insan mənəvi varlıqdır; əxlaqı, mənəviyyatı onun həyatında ixtisara salmaq mümkün deyildir…
Biliyi, dilləri, rəsmiyyətçi həyat tərzini istənilən vaxtda öyrənmək, mənimsəmək mümkündür, çünki bu, zəka ilə əlaqəli məsələdir…
Amma əxlaqın, mədəniyyətin, mənəviyyatın mənimsənilməsini asanlaşdıran xarakteri istənilən vaxt formalaşdırmaq mümkün deyildir, bunun üçün fövtə verilməsi cinayət sayılan məhdud sayda illər vardır: uşaqlıq illəri!
Uşaqlarımızın intellektual tərbiyəsinə nə dərəcədə diqqət yetiririksə, mənəvi-əxlaqi tərbiyəsinə də bir o qədər, hətta ondan daha çox qayğı göstərməliyik. Əsas qayğımız hər şeydən əvvəl tərbiyəli uşaq yetişdirmək olmalıdır, əxlaq, qanacaq, mərifət, tərbiyə isə sırf mənəviyyat dünyası ilə əlaqəli məsələlərdir, informativ bilik sahələri ilə onların yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Hər şeydən əvvəl valideynlər ailə daxilində, daha sonra tərbiyəçilər uşaq bağçalarında, müəllimlər təhsil müəssisələrində uşağın əxlaqi şəxsiyyətinin, mənəvi kimliyinin formalaşdırılmasına köklənməlidirlər, özü də vaxt itirmədən, fürsəti fövtə vermədən! Çünki gecikən tərbiyə gecikən təhsildən daha dağıdıcı təsirə malikdir…
Uşaqlarımıza zəkanı inkişaf etdirən ədəbiyyatla yanaşı, könlü saflaşdıran, oraya əxlaq və mənəviyyat aşılayan kitabları da oxudaq, təhsillərinə diqqət yetirdiyimiz kimi, tərbiyə işini “olmazsa-olmaz” halına gətirək.
Ən çətin iş insani keyfiyyətlərə sahib insan yetişdirməkdir…
Bu ölkənin gələcəyini məhz mənən uca insanlar – bacarıqlı və bilikli olmaqla yanaşı, həm də təmiz, vicdanlı, fədakar, dürüst, məsuliyyətli, haramdan çəkinən, Axirət şüuru ilə yaşayan, Hesab Gününə inamın təsiri ilə davranışlarını tənzimləyən gənclər müəyyənləşdirəcəkdir.
Elvüsal MƏMMƏDOV,
Fəlsəfə üzrə fəlsəfə doktoru