Xocalı şəhidləri Parisdə anıldı

 Xocalı şəhidləri Parisdə anıldı - FOTO

Fransanın paytaxtı Parisdə Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

“Report”un Fransa bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, fransalı elm adamları və digər şəxslər iştirak ediblər.

Rəhman Mustafayev tədbir iştirakçılarına Xocalı soyqırımı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərdən erməni ordusunun çıxarılmasını tələb edən qətnamələri, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Xocalı Soyqırımına dair bəyanatı, “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında ətraflı məlumat verib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni hərbçiləri, quldur dəstələri tərəfindən törədilən cinayətlərin yalnız azərbaycanlılara deyil, ölkəmizdə yaşayan bütün etnik icmalara qarşı yönəldiyini bildirib.

Hazırda Fransada yaşayan, Xocalıdan olan məcburi köçkün Şahsuvar Mirzəyev tədbir iştirakçılarına fevralın 25-dən 26-a keçən gecə həmvətənlərimizə qarşı törədilən qəddarlıqlar, o anların dəhşətləri və məcburi köçkün həyatının acıları haqqında danışıb.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konsertdə pianoda Vurğun Vəkilov, fleytada Ağarahim Quliyev ifa ediblər. Bakıda anadan olmuş tatar mənşəli opera müğənnisi Timur Abdikeyev Azərbaycan və xarici bəstəkarların lirik mahnılarını ifa edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir