Prezident: “Ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik”

 Prezident: "Ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik"

“Biz bütün tərəfdaşlarımıza, ilk növbədə, Cənub Qaz Dəhlizinin üzvləri olan tərəfdaş ölkələrə – Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya minnətdarıq. Bu ölkələr Azərbaycana çox yaxındırlar və mən bu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərimi xatırlayıram. Yalnız bu ilin iki ayında Türkiyə, İtaliya və Gürcüstanın dövlət və hökumət başçıları ilə görüşlərim, həmçinin bizim yaxın əməkdaşlığımızı nümayiş etdirir. Üç gün bundan əvvəl Türkiyə Prezidenti bizim qonağımız idi. Biz bu baxımdan nələrə nail olduğumuzu və gələcək planları müzakirə etdik. Bir həftə bundan əvvəl İtaliyaya dövlət səfəri çərçivəsində bu ölkənin Prezidenti və Baş Naziri ilə görüşlərim zamanı biz bu mühüm layihəni müzakirə etdik. Yanvar ayının sonunda Gürcüstanın Baş Naziri ilə keçirdiyim görüş bizə nailiyyətləri nəzərdən keçirməyə və gələcək addımlarımızı planlaşdırmağa imkan yaratmışdır. Hesab edirəm, Cənub Qaz Dəhlizi layihəsinin üzv ölkələrindən ibarət bu nadir tərkib onu nümayiş etdirir ki, ümumi amal ölkələri birləşdirə bilər. Əminəm ki, Cənub Qaz Dəhlizi layihəsi tamamlanandan sonra bizim çoxtərəfli əməkdaşlığımız digər sahələrdə davam edəcək”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında deyib.

Fürsətdən istifadə edərək hamınızı gələn ilin fevralında qonağımız olaraq buraya dəvət etmək istəyirəm. Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada – Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq. Keçən ilin fevral ayında biz 2018-ci ilin iyununda Türkiyə bazarına çatan TANAP-ın hissəsinin uğurla tamamlanması barədə məlumat verdik. Bu dəfə isə biz qürur hissi ilə artıq Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP-ın tamamlandığını bildiririk. Bu, bizim meqalayihəmizin icrasında çox mühüm mərhələdir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması vəziyyətinin çox yüksək olduğu və sizə də yaxşı məlum olduğu kimi, TAP layihəsinin təqribən 92 faiz tamamlandığı bir vaxtda ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir