Rusiya turoperatorları Azərbaycanın turizm imkanları ilə tanış olub

 Rusiya turoperatorları Azərbaycanın turizm imkanları ilə tanış olub

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın “Profi+travel” portalında təşkil olunmuş təlim layihəsində qalib gələn turagentlərin Azərbaycana infoturu təşkil olunub.

Bu barədə Dövlət Turizm Agentliyi  xəbər verib.

Məlumata görə, fevralın 23-28 tarixlərində baş tutan Azərbaycanla tanışlıq səfərində layihə müddətində Azərbaycana turlarının aktiv satışını həyata keçirən 10 ən aktiv turagent statusunu qazananlar iştirak edib.

Qonaqların Azərbaycanın əsas turizm infrastrukturu, tarixi məkanları, milli mətbəxi, yerli adət-ənənələri, hotelləri, turistlərə təklif olunan xidmətlər, eləcə də qış turizmi imkanları barədə məlumatlandırılması məqsədilə Bakı, Qobustan, Quba və Qusara səfərlər təşkil edilib.

Fevralın 28-də qalib turoperatorlarla yerli turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.

Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Ulyanovsk, Tolyatti, Saratov, Samara və Yaroslav şəhərlərini təmsil edən turoperatorlarla 70-ə yaxın yerli turizm şirkətinin nümayəndələri arasında görüşlər zamanı əməkdaşlıq imkanları qiymətləndirilib.

Qeyd edək ki, “Profi+travel” portalında 6 ay davam edən onlayn təlim layihəsinin sonunda rusdilli ölkələri təmsil edən turagentlər Azərbaycanın turizm potensialı, hotellər və turizm marşrutları haqqında yerləşdirilən materialları mənimsəyiblər.

Tematik vebinarları dinləyən və sonda test mərhələsini uğurla adlayan qaliblər Azərbaycan Turizm Bürosu tərəfindən sertifikatla təltif ediliblər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir