Türkiyənin dünyaya regional güc olduğunu sübut etmək vaxtı və fürsətidir

Türkiyə Əsəd rejiminə aid hərbi texnika və obyektləri silahlı pilotsuz uçan aparatlarla (SPUA) zərgər dəqiqliyi ilə kütləvi şəkildə  vurur. Son iki gündə – türk əsgərlərinə qarşı xain hücumdan sonra  Türkiyə Silahlı Qüvvələri  quru qoşunlarını hərəkətə gətirmədən Əsəd rejimi ordusuna ciddi zərbələr endirib. Döyüş bölgəsindən gələn xəbərlər  müharibə xronikasını xatırladır.

Etibarlı mənbələrdən daxil olan məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri  əvvəldən xəbərdar etdiyi kimi Əsəd rejiminə aid hərbi hədəfləri  təkcə İdlib bölgəsində deyil, digər ərazilərdə də vurur. Belə zərbələr Latakiya  ətrafındakı və digər bölgələrdəki vacib  hərbi obyektlərə, aerodromlara, anqarlara, qərargahlara  da endirilib. Təyyarələr, vertolyotlar, hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb, yüksək eşelona aid hərbçilər – generallar öldürülüb. Bu, çox önəmli hadisədir.

Suriya dövlətinin süquta uğradığı heç kəsə sirr deyil. Əsədin siyasi hakimiyyəti faktiki olaraq dekorasiya xarakteri daşıyır. Bu ölkə adına siyasi iradəni və hər hansı qərarı Rusiya verir. Kirli və qanlı işlərdə də Əsədə sadiq qüvvələrdən və İrandan istifadə edir.

Rusiya qüdrətli dövlətdir. Amma Suriyanın dövlət maraqlarından, ərazi bütövlüyündən bəhs edərkən nədənsə Suriyanın haradasa yarısını – nəzarətdə saxlayan ABŞ-a bir söz deyə bilmir.  ABŞ da separat razılaşma ilə Rusiya ilə Suriyadakı maraqlar sərhədini müəyyənləşdirdiyindən  Türkiyə ilə bağlı hadisələrə loyal yanaşır.

Türkiyə hər iki super gücün  strateji hədəfindədir. Bu səbəbdən Türkiyə bu güclərin kənar ünsürlərlə –  ABŞ-ın  “Kürdüstan”, Rusiyanın “Suriyanın ərazi bütövlüyü” pərdəsi altında sərhədlərinə yaxınlaşmasına, mövqe tutmasına imkan vermək istəmir.

Qardaş dövlətin Suriya ərazisində yürütdüyü siyasət  məhz dövlət təhlükəsizliyini təmin etmək, təhlükəni özündən daha aralıda qarşılamaq və aradan qaldırmaq üçündür. Bu xüsusda Türkiyə  təzyiq və itkilərə baxmadan güzəştə getməyəcək, hər vasitə ilə maraqlarını təmin etməyə çalışacaq.

Türkiyə Prezidenti Ərdoğan dünənki  çıxışında bir daha bunu vurğulayıb. Onun siyasi mesajları əsasında söyləmək olar ki,  Türkiyənin cənub sərhədləri boyu təhlükəsizlik bölgəsinin təmin olunması üçün yarımçıq qalan  hərbi əməliyyatları da davam etdirəcək.

Türkiyə hərb meydanında məcbur qalmayınca İdlibdən və təhlükəsizliyinə cavab verən mövqelərdən çəkilməyəcək.

Bunun üçün hətta genişmiqyaslı müharibəyə belə girəcək.

Əlbəttə, Rusiya daha güclü dövlətdir və hərbi potensialı böyükdür. Bununla belə, bölgədəki qüvvələr nisbəti, Türkiyə ordusunun döyüş qabiliyyəti  Rusiyaya  qarşı ciddi müqavimət göstərməyə yetəcək qədərdir.

Rusiyanın Suriyadakı əsas üstünlüyü hava sahəsinə tam nəzarəti sayılır. Hava hücumundan müdafiə sistemləri sayəsində Rusiya Suriyanın hava məkanında hegemonluq edir. Bu səbəbdən Türkiyə orada öz aviasiyasından istifadə edə bilmir. Rusiya isə bunu çox rahat həyata keçirir. Məhz bu aviasiya dəstəyi, havadan hücumlar sayəsində  Əsəd rejimi gücləri müəyyən hərbi uğurlar qazanıb.

Lakin Türkiyə artıq bunun çarəsini  qismən  tapıb. Hücum əməliyyatlarında çox böyük uğurla türk istehsalı olan SPUA-lardan istifadə olunur. Son iki gündə əsasən bu unikal silahla və digər vasitələrlə  Əsəd güclərinin  100-dən çox   ağır texnikası – tank və zirehli maşını, 300-dən artıq  hərbi maşını məhv edilib, 2100-dən yuxarı  əsgəri öldürülüb, onlarla obyekti dağıdılıb.

Bu, iki gün üçün çox böyük rəqəmdir. Zatən əks tərəf bunları inkar etmir, edə bilmir: ortada hər bir zərbənin video görüntüsü var.

Türkiyə  bu üsulla Rusiyanın Suriya üzərindəki hava qalxanını dəlib, əks tərəfə ciddi zərbə vurub. Bununla da Rusiyaya ciddi mesaj verib.

Nədir bu mesaj?

Əvvəla, Rusiyaya sübut olunub ki, Suriya səmasına hakim deyil. İkincisi nümayiş olunub ki, bu hava müdafiəsini yarmaq mümkündür, özü də ağır nəticələr verə biləcək şəkildə.  Deməli, Türkiyə istəyərsə  Rusiyanın  aviasiyasını və hava hücumundan sistemlərini də birbaşa zərbə ilə məhv edə bilər: SPUA əməliyyatları onların özünün asan hədəf olduğunu göstərdi    –  aerodromlar, anqarlar, hərbi bazalar bu üsulla məhv olundu. Özü də Rusiyanın əsas hərbi bazasının – Latakiya  yaxınlığında…

Rusiyanın hava hücumundan müdafiə sistemləri və  yerüstü obyektləri belə hücumların qarşısını almaqda acız oldu.

Beləliklə, Türkiyə Rusiyanın çox güvəndiyi və bundan təzyiq vasitəsi kimi  istifadə etdiyi hava üstünlüyünü minimuma endirməklə yanaşı, etibarlı olmadığını düşmənə əyani göstərdi.

Suriya meydanında quru döyüşlərində üstünlük hər anlamda Türkiyəyə malikdir. Əvvəla, Türkiyə bilavasitə öz sərhədlərinə yaxın ərazidə əməliyyatlar keçirir –  hər cəhətdən təminat qısa müddətdə yerinə yetirilir. Zərurət yarandıqda, hətta itkilərin yerini tez bir zamanda doldurmaq imkanı var. Bunun üçün sərhəd boyu kifayət qədər hərbi güc yığılıb, əraziyə maksimum yaxın lojistik dəstək infrastrukturu  qurulub.

Rusiyanın isə belə bir lüksü yoxdur. Suriyaya ən qısa yol da Türkiyədən – boğazlardan keçir. Bu xüsusda Rusiyanın hərb meydanına operativ müdaxilə imkanları Türkiyəyə nisbətən xeyli məhduddur.  Bundan əlavə Rusiya Türkiyə ilə açıq savaşa girməyəcək – bu konfrantasiyadan (siyasi-iqtisadi baxımdan) ən çox itirən Rusiya olacaq, hətta Suriyada hərbi üstünlüyü ələ alsa belə.

Suriya, Kveyris hərbi aerodromunda TSQ-nın vurduğu anqar

Xatırladaq ki, Türkiyənin Suriyaya verdiyi vaxt bu gün sona çatıb. Türkiyə  İdlib zonasında hədəf altında olan  bəzi müşahidə məntəqələrinin mühasirədə qalması ilə barışmayacaq. Əsəd rejimi (Rusiya iradəsi ilə) geri çəkilmək niyyətində olmadığından yaxın günlərdə Türkiyənin genişmiqyaslı hərbi əməliyyatlar aparacağı istisna edilmir.

Böyük dövlətlər  qanla, itki ilə qurulur. Türkiyə son illər  regional güc olduğunu ifadə edir və bu formatda siyasət yürüdür. Əlbəttə ki, bunun arxasında hərbi güc olmadan və bu meydanda təsdiqlənmədən nəyə isə nail olmaq mümkün deyil.

İndi məhz real olaraq Türkiyənin dünya miqyasında statusunu yüksəldəcək, həqiqətən də, regional güc  olduğunu sübut edəcək vaxt  və fürsətidir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir