“Real”-“Barselona”: Kral klubu liderliyi geri alıb

Bu gün İspaniya çempionatında dünyanın hər dəfə maraqla gözlədiyi və  izlədiyi  “Real”-“Barselona” oyunu keçirilib.

Təqibçilərindən xeyli irəli çıxmış bu iki əzəli rəqib arasında  bu oyuna qədər 2 xal fərq  yaranmışdı.

Doğma meydanında oynayan “Real”  qalib gələcəyi təqdirdə xalını 58-ə yüksəltməklə liderliyə yüksəlib 57 xallı “Barselona”nı  üstələyəcəkdi.

Onu da qeyd edək ki, “Real”  Madrid görüşlərində 3 oyundur ard-arda “Barselona”ya uduzur. Özü də rəqib qapıya top vurmadan.

Bugünkü oyunadək son iki çempionat oyununda 4 xal itirərək liderliyi əldən verən “Real” üçün bu oyunun dəyəri 3 deyil, 5 xala bərabər idi.

“Barselona udacağı təqdirdə ondan 5 xal irəli çıxacaqdı.

Oyunun ilk dəqiqələrindən meydanda üstünlüyə yiyələnməyə çalışan  madridlilərin bu təşəbbüsünü barselonalılar klassik metodları – topu nəzarətdə saxlamaqla neytrallaşdıraraq mütəmadi əks-hücumlara keçib.

Tərəflərin cəhdlərinə baxmayaraq birinci hissədə stadionda “Qol” səsi eşidilməyib. Fasilədən sonra da oyun eyni ssenari ilə davam edib. Amma qapılar önündə daha real qol vəziyyətləri yaradılıb.   Kral klubunun oyunçuları  ikinci yarının ilk yarısını  sahənin  “Barselona”ya aid hissəsində keçirib, dəfələrlə qola yaxın olub. Lakin son zərbələr dəqiq olmayıb, yaxud rəqib qapıçı komandasını xilas edib.

Yalnız 65-ci dəqiqədən sonra “”Barselona” bir neçə dəfə “Real”ın qapısına yaxınlaşa bilib. Buna rəğmən,  mövqe üstünlüyü “Real”da qalıb.  Nəhayət, 71-ci dəqiqədə cinah hücumu ilə “Real” qol vurub: Vinicusun yerdən cərimə meydançasına paralel ötürməsi zamanı top rəqib müdafiəçinin ayağından qapıya yönəlib.

Qoldan sonra oyun sürtlənib və açıq xarakter alıb.  90+2-сi dəqiqədə Mariano komandasının qalibiyyətini rəsmiləşdirib.

Beləliklə, 26 tura təsadüf edən El-klasiko  2:0 hesabla “Real”ın inamlı qələbəsi ilə nəticələnib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir