Şamaxı Astrofizika Rəsədxanası iddiaları rədd edib

 

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) İqor Kosyagin və Sergey Mironov adı altında naməlum şəxslər tərəfindən rəsədxana barədə həqiqəti əks etdirməyən məlumatların yayılması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Məqsəd mövcud rəsmi sənədlər təqdim etməklə ŞAR-ın mövqeyini ictimaiyyətə çatdırmaq olub.

Tədbirdə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, ŞAR bu gün müasir standartlara tam cavab verən üsul və metodlarla, səma cisimlərinin müşahidəsində dünyanın aparıcı təşkilatlarında istifadə edilən analoji cihaz və qurğulardan istifadə etməklə astrofizikanın aktual problemlərini həll etmək imkanı olan modern qurumdur. Diqqətə çatdırıb ki, 2018-ci ildə ABŞ-ın “Clarivate Analytics” şirkəti tərəfindən keçirilmiş müsabiqəyə əsasən rəsədxana Azərbaycan üzrə regional elmi müəssisələr arasında birinci yerə layiq görülüb. Bundan əlavə, aparılan məqsədyönlü elmi-təşkilati işlər nəticəsində son illərdə ŞAR əməkdaşlarının impakt faktorlu elmi jurnallarda dərc olunmuş məqalələrinin sayı 3 dəfə artıb.

N.Cəlilov rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən də söz açaraq rəsədxananın Avropa Birliyinin “Fp7” və “Horizon 2020” proqramları üzrə qrant layihələrin qalibi olduğunu, müəssisənin gənc tədqiqatçılarının  “PhD” və “Postdoc” proqramları çərçivəsində Almaniya və Belçikanın elmi mərkəzlərində tədqiqatlar apardığını bildirib.

N.Cəlilov olayın mahiyyəti haqqında deyib:

Əslində bu əsassız ittihamlar ilk dəfə ŞAR-ın ünvanına onun keçmiş əməkdaşı Yanoş Məhərrəmov tərəfindən mediada ictimailəşdirilib. Bu faktlar artıq bir institutun imicinin zədələnməsi olmayıb, bilərəkdən saxta məlumatlar yaymaqla Respublika elminin aşağılanması, ölkənin elm siyasətinə, eləcə də bütünlüklə ölkənin imicinə vurulan ağır zərbədir”.

O,  məhkəmə proseslərinə görə özünün və ailəsinin  ölümlə hədələndiyini bildirib:

Bir ay ərzində ailəm evdən çölə çıxa bilmədi. Bu müddətdə qardaşımın bağında yaşamışıq. Ailəmi ölümlə, məhv etməklə hədələyirdilər. Mənə deyirdilər ki, Yanoşu təcili işə götürməlisən və ona doktorluq diplomu verməlisən. Onun böhtanları 30-dan çox saytlarda yayımlanıb. Gecə saatlarında bura qadınlar gətirirdilər. Müəyyən çəkilişlər aparıb, bunu da mənim adımla əlaqələndiriblər”.

 

Mənbə: AMEA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir