276 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib

 Azərbaycan 276 vətəndaşını İrandan təxliyə edib

İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir. Bununla əlaqədar İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun “qaynar xətt” nömrələrinə daxil olan müraciətləri qeydiyyata götürülür.

Bu barədə  Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib:

Vətəndaşlarımızın qayıdışı sərhəd-keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirilir. Bu məqsədlə İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşlar müvəqqəti qalma yerləri və zəruri şəraitlə təmin edilib, müəyyən olunmuş qrafiklə 276 nəfər Azərbaycan ərazisinə keçib. Sərhədi keçən vətəndaşlar xüsusi ayrılmış avtobuslarla karantin zonalarına aparılıb. İran İslam Respublikasından qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karantin rejiminə yerləşdirilir. Bütün vətəndaşlardan karantin rejiminin tələblərinə riayət etmək tələb olunur”.

Əlavə sorğular üçün vətəndaşların Azərbaycan Respublikasının Tehrandakı Səfirliyi və Təbrizdəki Baş Konsulluğunda açılmış “qaynar xətt”ə müraciət etməsi tövsiyə olunur. Sorğular daxil olduqdan sonra vətəndaşlarımızın Azərbaycana keçidinin uçuş reysi və xüsusi ayrılmış sərhəd dəhlizi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan həyatını itirənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir