Həsən Ruhani İranda tüğyan edən epidemiyadan bəhs edib

 Həsən Ruhani İranda koronavirusun miqyasının genişləndiyini açıqladı

İran Prezidenti Həsən Ruhani ölkəsində tüğyan edən epidemiyadan danışıb.

“Reuters” xəbər verir ki, koronavirusun İranın bütün əyalətlərinə yayıldığını açıqlayan dövlət başçısı ölkəsinin ən qısa müddətdə və ən az itkilərlə bu böhranın öhdəsindən gələcəyini bildirib.

İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan həyatını itirənlərin sayının 92 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Bu günədək 435 nəfər isə infeksiyadan sağalıb.

Ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub. Bundan başqa İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan vəfat edib.

Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 574-ə çatıb. Bunların 51 066 nəfəri sağalıb, 3 204 nəfəri isə həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir