Qara qızılın  qara bazar ertəsi, yoxsa  rus ruletkası?

8 Mart bayramının sabahı heç bayram əhval-ruhiyyəsi ilə açılmadı: xammal birjalarında neftin qiymətləri bir gündə dib vurdu – qara qızıl 30 faiz dəyər itirdi. “Brent” 31 dollara, WIT 27 dollaradək ucuzlaşdı.

Ticarət günü ərzində şoku üzərindən atan bazar itkilərin bir qismini –  təxminən -30-40 faizini bərpa etsə də, qiymətlər  hələ də neft ixracatçıları üçün böhranlı sahədədir.

Liberal  bazar  institutu heç bir qanunauyğunluğa tabe olmadığından nəyin necə olacağını iqtisadi  göstəricilər əsasında qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. İndi bəzi “ekspertlər” sinələrinə döyərək “biz illər öncə demişdik” kimi  öz “öncəgörmələrindən” bəhs edirlər. Bunun üçün dahi olmağa gərək yoxdur. Yaxın illərdə, hətta yaxın zamanda  neftin bahalaşacağını və yaxud  ucuzlaşacağını proqnozlaşdıran hər kəs mütləq  haqlı çıxacaq – neft haçansa mütləq bahalaşacaq və  haçansa mütləq ucuzlaşacaq. Bunun konkret olaraq nə zaman baş verəcəyini isə  yalnız bu nəhəng kapital okeanını çalxalandıranlar və ona təsir imkanları olan güc mərkəzləri bilir…

Birjalar təkcə tələb-təklif üzərində işləmir. Daha doğrusu, tələbi də, təklifi də əslində, xammalı və ya hər hansı fondu əlində cəm edib, bundan daha çox  qazanc götürmək istəyən burjuaziya müəyyənləşdirir. Qlobal  iqtisadiyyat, qloballaşdırma  dedikləri də qlobal şəbəkə qurub öz kapital okeanlarına yeni “qidalandırıcılar”  cəlb etməklə  onları  sümürməkdir.

Odur ki, mövcud olmayan bazar  qanunauyğunluğu və ya iqtisadi göstəricilər əsasında birjalardakı  prosesləri nə izah, nə də proqnozlaşdırmaq olar.

Eyni zamanda birja məlumatları  nə qlobal, nə də konkret ölkə üzrə iqtisadi göstərici deyil. Yalnız onun dolayı təzahür forması sayılır.

Bir başqa sözlə, birja subyektləri birbaşa iqtisadiyyat təmsilçiləri deyil. Məsələn, neft istehlakçıya çatdırılana qədər dəfələrlə birja brokerləri, treyderləri tərəfindn  alınıb-satılır. Fyuçer  – sonradan çatdırılma platforması, ümumiyyətlə, birja möhtəkirlik deməkdir.

Əslində, kapitalizmin  bu institutu təkamülün növbəti mərhələsinə keçməkdə gecikir. Birja möhtəkirliyi dünya iqtisadiyyatını illərdir təhdid edir. Böyük dövlətlər belə bundan gileylənsələr də, bundan qurtulmağa tələsmirlər. Səbəb bəllidir: bu format  böyük və yırtıcı xislətli dövlətlərin əlində istismar və talan alətidir.

Birjaların möhtəkir ruhundan və siyasi alət funksiyasından  əbəs danışmadıq.

Əksər hallarda olduğu kimi bu dəfə də neftin qiymətləri sırf siyasi ambisiyalar ucbatından bu səviyyəyə yuvarlanıb.  Nə qədər qəribə olsa da, Rusiya bunda maraqlı tərəf kimi görünür. Niyə, məqsəd nədir?

Xatırladaq ki, OPEK+ formatında Rusiya kartelin növbəti dəfə neft hasilatını azaltmaq təklifini rədd edib və ipə-sapa yatmadan inadından dönməyib.  Nəticələrinin nə olacağını bilməklə. Hətta bunu istəyərək…

Bunun təsadüfən, siyasi hikkə uğrunda baş verdiyini düşünmək sadəlövhlük olardı. Rusiyanın Maliyyə naziri Anton Siluanov  bundan öncə dəfələrlə  ölkəsinin kifayət qədər maliyyə ehtiyatı topladığını vurğulayaraq neftin ucuzlaşmasına hazır olduğunu qeyd edib. Məsələn, ötən ilin oktyabrında  CNBC kanalına müsahibəsində hətta neftin qiymətinin 20-30 dollara düşəcəyindən çəkinmədiklərini  deyib.  Deməli, Rusiya hadisələrin məhz hazırkı ssenari ilə “inkişafında” maraqlıdır…

Elə isə  Rusiya sevimli rulet oyunu ilə nəyə nail olmaq istəyir, hədəfi nədir?

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov
Bununla bağlı SOCAR-ın təmsilçisi İbrahim Əhmədov beynəlxalq ekspertlərin hazırda müzakirə etdiyi maraqlı versiyanı ictimaiyyətin nəzərinə çatdırıb. Həmin versiyaya görə, bu ucuzlaşma şift nefti istehsalını səmərəsiz edir. Konkret ad çəkilməsə də, əslində Rusiyanın bununla ABŞ-ın neft bazarındakı rolunu zəiflətmək niyyətində olduğu nəzərdə tutulur.

Bu iddianın həqiqət payı böyükdür. Məsələ ondadır ki, şift  neftinin – yerin çox dərin, möhkəm (sərt) süxur laylarının arasındakı karbohidrogen hasilatı baha başa gəlir. ABŞ üçün bu neftin rentabelli  qiyməti 60 dollar civarıdır. Bu xüsusda neftin indiki səviyyəsi Rusiyadan daha çox ABŞ-a sərf etmir.

Rusiya OPEK+ formatını dağıtmaqla neftin kəskin ucuzlaşmasına “bəhanə” yaranacağını, şübhəsiz, gözəl anlayırdı. Səudiyyə Ərəbistanı  Rusiyaya gündəlik istehsalı  bir qədər də məhdudlaşdırmağı təklif etdiyi halda, razılaşma əldə edilmədikdən sonra  özü də  hasilatı əvvəlki səviyyədən də artıq həcmə yüsəldəcəyini açıqladı. Bununla da neftin sərt ucuzlaşmasını qəsdən tətiklədi.

Bazar iştirakçıları – dəqiq olsaq, birja möhtəkirləri bir müddət sonra  təklifin xeyli yüksələcəyini, bu səbəbdən neftin qiymətinin  düşəcəyini anladıqlarından (təkrar daha baha satmaqla) qazanmaq  üçün alıb yığdıqları  nefti tez satıb az itki ilə oyundan çıxmağa çalışdılar. Bu kütləvilik  neftin birdən-birə 30 faizədək dəyərsizləşməsi ilə nəticələndi.

Neft bazarında trend yaxın gələcəkdə aşağı doğru görünür. Əlbəttə, dalğalanmalar olacaq, amma martın sonunadək apreldə nə baş verəcəyi tərəddüdü ilə satışlar davam edəcək. Normal halda bu, belə olacaq.  Çünki, əsl həngamə OPEK+ razılaşmasının apreldən qüvvədən düşməsi ilə başlamalıdır…

Bəs bunda maraqlı olan kimdir?

Açıq söyləmək gərəkdirsə, mahiyyət etibarilə Suriya hakimiyyəti  Rusiya üçün nədirsə, Səudiyyə Ərəbistanı (və bir sıra digər ərəb ölkəsi) ABŞ-üçün odur.

Bu oyunun bir oyunçusu – Rusiya ortada olsa da, digəri – ABŞ (+Böyük Britaniya) pərdə arxasından gedişlər edir.

Əlbəttə, rus ruletkası oynamaq asandır, xüsusilə, əgər tapançanın tətiyini başına başqası çəkirsə…

ABŞ-ın bu prosesdə ciddi ziyan görəcəyi, neft bazarında sıxışacağı real görünmür. Şift nefti ilə bağlı iddiaları son günlər Rusiyanın neft şirkətləri də dilə gətirib.

Sanki bu, Rusiya tərəfindən diqqət yayındırmağa bənzəyir.

Əvvəla, Rusiya neftin uzunmüddətli ucuzluğunda maraqlı ola bilməz. Özü də qətiyyən. Valyutaya ehtiyacı olan Rusiyadır, ABŞ yox. Deməli, Rusiyanın  başqa bir strateji planı var. Təxminən, “bir addım geri, iki addım irəli” kimi…

OPEK+ qarşısında məsuliyyətdən azad olan Rusiya bundan sonra hasilat, həm də satış limiti “buxovundan” qurtulacaq.

Rusiya istədiyi qədər neft hasil edib, istədiyi qədər  satmaq istəyir. OPEK-dən ayırlmaqla Kreml bunun üçün hüquqi zəmin yaradıb.  İndi ikinci  strateji  hədəf  neftin qiymətlərini qaneedici səviyyəyə yüksəltməkdir.

Rusiya bunu necə edə bilər?

Rusiyanın leqal bazar – birjalar üzərindən bunu etmək imkanı yoxdur. Dünya kapitalını Qərb idarə edir.

Yeganə yol bazar subyekt və ya obyektlərinə: qlobal neft sənayesinə, kommunikasiyalarına müdaxilə ilə qiymətin yüksəlməsini qaçılmaz edən həmlədir.

Bu nə ola bilər?

Yalnız MÜHARİBƏ!  Rusiya, şübhəsiz, Türkiyə qarşısında Suriyada uğradığı hərbi fiaskonun revanşını almaq barədə də  düşünür. Bu baxımdan Rusiyanın Yaxın Şərqdə və ya dünyanın neftlə bağlı hər hansı yerində (bu, heç şübhəsiz, Asiya olacaq) ciddi hərbi konfrontasiya gedən  hər hansı münaqişə ocağını alovlandıra bilər.

Xatırladaq ki, Rusiya Moskvada Türkiyə ilə imzaladığı atəşkəsdən bir neçə gün əvvəl bölgəyə özünün cəmi iki ədəd olan müasir strateji  elektron-kəşfiyyat  təyyarəsinin birini  göndərib.  Bölgə sürətlə silahlanır. Tərəflər dayanmadan mövqelərini möhkəmlətməkdə, böyük müharibəyə hazırlıq görməkdədir…

Təəssüf ki, neftin qanla “zənginləşdirilərək” bahalaşdırılması yolu Rusiyanın özü üçün də daha “doğma” üsuldur. Odur ki, yaxın aylarda Liviya və ya Suriyada  hərbi münaqişənin pik həddə yüksəlməsi (arzuolunan olmasa da), gözləniləndir…

Rusiyanın  daha rasional yola baş vuracağı, yaxud OPEK-lə yenidən razılığa gələcəyi nəzəri cəhətdən istisna edilməsə də, real görünmür.

Hələliksə,  neft bu an bu qiymətə satılır:

Qeyd: tablodakı neft qiymətlərinin təkrar yenilənməsini istəyirsinzsə, səhifəni  yeniləyin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir