Paradoksal təhlükəsizlik: Bakıda azarkeşlərin iştirakı ilə Avropa çempionatı keçiriləcək

 Avropa çempionatı üçün Bakıya gələcək karateçilərin sayı azalıb

Martın 25-də Bakıda böyüklər arasında 55-ci və Para-Karate üzrə növbəti Avropa çempionatı start götürəcək.

Azərbaycan Milli Karate Federasiyasından (AMKF)  verilən məlumata görə, 5 gün davam edəcək və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışa 50-dən artıq ölkənin karateçilərinin qatılması gözlənilsə də:

Dünyada məlum pandemiya səbəbindən 43 ölkədən 460 idmançının, para-karate çempionatında isə 6 ölkədən 33 idmançının iştirak edəcəyi rəsmiləşib. Milli Gimnastika Arenasında 5 gün ərzində 4 tatamidə keçiriləcək mötəbər yarışı 4-ü azərbaycanlı olmaqla, 120-dək beynəlxalq hakim idarə edəcək”.

Qitənin ən güclülərindən olan İtaliya komandasının 8 idmançı ilə Avropa çempionatına gələcəyi son anda dəqiqləşib. Avropa Karate Federasiyasının (EKF) Təşkilat komitəsinin sədri Esteban Perez deyib ki, qeydiyyat müddətinin bitməsinə baxmayaraq, məlum gərginliklə əlaqədar yarışqabağı Azərbaycana gələn komandalar qeydiyyata salınacaq.

Qitə çempionatına gələn EKF və ölkə federasiyalarının rəsmiləri, həmçinin bir sıra komandaların heyəti “Boulevard Hotel”də, əksəriyyət komandalar isə Atletlər kəndində məskunlaşacaqlar.

Dövlət dəstəyi sayəsində qarşıdakı nüfuzlu yarışın yüksək səviyyədə keçiriləcəyini bildirən AMKF prezidenti Yaşar Bəşirov Avropa çempionatına hazırlıq işlərinin plan üzrə getdiyini və yarışın təxirə salınması, eləcə də tribunalarda azarkeşsiz keçməsi üçün rəsmi göstəriş olmadığını bildirib:

Biz bu yarışa ciddi hazırlaşırıq, üstümüzə üçqat məsuliyyət düşür. Avropa medalları qazanmaqla yanaşı, qitə çempionatını idman ölkəsi olan Azərbaycanın adına layiq təşkil etməli, həm də olimpiya lisenziya yarışı səviyyəsində keçirməliyik. Bu işlərdə dəstək verən ölkənin ali idman qurumlarına minnətdarlığımızı bildirir və bizə olan ümidlərin doğrulması üçün əlimizdən gələni edirik”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir