Azərbaycanlı iş adamı Mübariz Mənsimov (Qurbanoğlu) Türkiyədə – İstanbulun Beşiktaş rayonundakı evində ikən saxlanılıb və istintaq altına alınıb.
Türkiyənin informasiya agentliklərinin verdiyi xəbərə görə, o, İstanbul Prokurorluğu tərəfindən aparılan Fətullahçı Terror Təşkilatı (FETÖ) istintaqı çərçivəsində tutulub.
Mübariz Mənsimov (Qurbanoğlu) Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İradəsinin həyata keçirdiyi əməliyyatla nəzarətə alınıb. İş adamının evində və Leventdəki ofisində axtarış aparılıb.
İstintaqın gizliliyi səbəbindən mətbuata əlavə məlumat verilməyib.
Xatırladaq ki, Mubariz Mənsimov 1998-ci ildən Türkiyədə yaşayır. 2007-ci ildə Qurbanoğlu soyadı ilə Türkiyə vətəndaşlığına keçib.
“Palmali Group”un təsisçisi və rəhbəridir.
Qeyd edək ki, Mübariz Mənsimovun FETO ilə əlaqələri haqqında son zamanlar Türkiyə mətbuatında mütəmadi olaraq xəbərlərə rast gəlinib.
Onun şirkəti son illər bir neçə dəfə ciddi maliyyə problemləri ilə üzləşib: aylarla dənizçilərə əməkhaqqı ödəyə bilməyəcək vəziyyətə düşüb. Məsələn, ötən ilin son aylarnda, Yeni il öncəsi onlarla dənizçi İstanbul mehmanxanalarında acınacaqlı vəziyyətdə iki ay maaşlarının ödənilməsini gözləyib…
Şirkətin bir sıra tərəf müqabilləri ilə münasibətləri pozulub, məhkəmə çəkişmələri başlayıb.
Mübariz Mənsimovun Azərbaycanla əlaqələrində, hökumət nümayəndələri ilə münasibətlərində gərginlik yaranıb. Bu gərginlik SOCAR-la münasibətdə özünü daha qabarıq büruzə verib və qarşıdurmaya keçib.
Mübariz Mənsimov siyasət adamı və siyasətlə məşğul olmadığını dəfələrlə vurğulasa da, mütəmadi olaraq hakimiyyət nümayəndələrinə qarşı sərt ittihamlarla çıxış edib.
Hazırda onun saxlanılaraq istintaqa cəlb edlməsini Azərbaycan hakimiyyət nümayəndələrinin sifarişi kimi qələmə verməyə çalışanlar var. Bunun da qaynağı Mənsimovun özüdür. O, son zamanlar dəfələrlə bu mövzuda sosial şəbəkələrdəki rəsmi səhifələri üzərindən əks-ittihamlarla dolu çıxışlar edib.
Bu ilin əvvəlindən – Mənsimovun FETO- ilə əlaqədar istintaqda adının hallanmasının ardından bu ittihamlar daha da kəskinləşib. Mənsimov bunda Azərbaycandakı bəzi məmurları günahlandırıb. Onları “FETO uşaqları” adlandıran Mənsimov müraciət edərək “tək-tək yox, topa ilə gəlin”, – deyə meydan oxuyub.
Mənsimov fevralın 12-də adlarından SOCAR-ın əsas fiqurları olduğu anlaşılan şəxslərə qarşı təhdid dolu müraciət ünvanlayaraq (türkcə) yazıb:
“Madam ki, ilk atəşi siz açdınız, indi siz düşünün. Əlimdəki dosyaları yaymağa başlayacağam. İllərlə xalqdan nə oğurladınız, hamısını tapdım, bank hesablarınıza, FETÖ deyilən o … nə qədər pul yedizdirdiyiniz, hamısı ifşa olunacaq. Mənim istəyərsəm nələrə nail olacağımı kim bilməsə də, siz bilirsiniz. Mən hər kəs Türkiyədən qaçarkən bütün kapitalımı bura yatırdım. Mənim Türkiyəyə və Türk ədalətinə hörmətim sonsuzdur. Sonuna qədər sizinlə savaşacağam və sizin kirli camaşırınızı gözlər önünə sərəcəyəm. Mənə qarşı qəsdiniz sonunuz olacaq, Rövnəq və Anar əfəndilər. Məncə, bundan sonra qorxmayın, titrəyin. Hər şey hüquq çərçivəsində sizə sübut olunacaq”…
Hadisələrin əvvəlini, gedişini və mahiyyətini nəzərə almaqla Mənsimovun “Rövnəq və Anar” deyə xitab etdiyi şəxslərin SOCAR-ın prezidenti Rövnəq Abdullayev və SOCAR-a bağlı “Haritage General Trading” şirkətinin baş direktoru Anar Əliyev olduğu anlaşılır. Zatən yazısında da onların şəkillərini yerləşdirib.
Qeyd edək ki, Mənsimov Türkiyə vətəndaşlığı aldıqdan sonra ilk biznes həmləsi SOCAR-la müştərək Türkiyənin məşhur inşaat şirkətlərindən biri “Tekfen İnşaat”ın 50 faiz səhm zərfini 520 milyon dollara alması olub.
Beləcə “Palmali” və SOCAR arasında biznes əlaqələri qurulub və münasibətlər son 12 ildə müharibə həddinə “yüksəlib”.

“Palmalı”nin Türkiyədə hakim partiyaya və siyasi elitaya yaxın şirkətlər və iş adamları ilə də biznes ortaqlığı olub. Lakin bu əlaqələr və münasibətlər məhz Türkiyədə FETÖ məsələsi ortaya çıxandan sonra zəifləməyə başlayıb və gəlinən son vəziyyət göz qabağındadır.
Qeyd etdiyimiz kimi, istintaq gizli aparıldığından ictimaiyyətə Mübariz Mənsimova qarşı irəli sürülən ittihamların, əsasların nədən ibarət olması və onun istintaqa verdiyi ifadə haqqında hələlik heç bir bilgi açıqlanmayıb.