İranda hər saatda 6 nəfər koronavirusdan ölür, 50 nəfər də virusa yoluxur...

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 19-da özünün şəxsi “Twitter” səhifəsində paylaşdığı bir yazıda ölkədə koronavirusdan ölənlərin sayının sürətlə artmasını bildirib.

Cahanpur deyib ki, İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan həyatını itirir:

Bizdə olan son məlumatlara əsasən, hazırda təxminən hər saatda 6 nəfər koronavirusdan ölür, 50 nəfər də virusa yoluxur. Hesab edirəm ki, vətəndaşlar bunu nəzərə alaraq səfərə çıxmaq, şəhərdə gəzmək və bayram görüşlərinə getməklə bağlı düzgün qərar verəcəklər”.

Xatırladaq ki, bir gün qabaq  – martın 18-də Qərbi Azərbaycan əyalətinə səfər edən İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi jurnalistlərə açıqlamasında ölkədə hər saatda 3 nəfərin koronavirusdan öldüyünü bildirmişdi:

“Təəssüflər olsun ki, hazırda hər saatda ən azı 3 nəfər koronavirusdan ölür, 43 nəfər isə virusa yoluxur. Bu isə son dərəcə nigaranlığa səbəb olan bir statistikadır”.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 19-da bəyanat yayaraq bu günə qədər ölkədə koronavirusa yoluxanların sayının 18 min 407-yə, xəstəlikdən ölənlərin sayının isə 1284-ə çatdığını açıqlayıb.

 

Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir