ÜST yeni koronavirusa qarşı nəyin doğru, nəyin yanlış olduğunu bəyan edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı yayılan əfsanə, şayiə və yalan məlumatlarla bağlı ictimaiyyətə tövsiyələr verib.

COVID-19 isti və rütubətli bölgələrdə də yayıla bilər

Doğru: Əldə olan dəlillərə əsasən, COVID-19 isti və rütubətli havası olan regionlar daxil olmaqla, bütün bölgələrdə yayıla bilər.

  • Virusun yayıldığı bölgədə yaşayır və ya ora səfər edirsinizsə, iqlimdən asılı olmayaraq qoruyucu tədbirlər həyata keçirin.
  • COVID-19-dan qorunmağın ən yaxşı yolu əllərinizi tez-tez təmizləməkdir. Siz bunu edərək əllərinizdə ola biləcək virusu yox edir və göz, ağız və buruna toxunuşdan əmələ gələ biləcək infeksiyanın qarşısını kəsmiş olursunuz.

Soyuq hava və qar yeni koronavirusu məhv etmir

Yanlış: Soyuq havanın yeni koronavirus və ya başqa xəstəlikləri məhv etməsinə dair heç bir əsas yoxdur.

İnsan bədəninin normal temperaturu xarici hərarət və havadan asılı olmayaraq sabit – 36,5 °C-37 °C arası olur.

İsti vanna qəbul etmək yeni koronavirus xəstəliyinin qarşısını almır

Yanlış: İsti vanna qəbul etməklə COVID-19-a yoluxmaqdan qaçmaq mümkün deyil.

Çünki insanın bədəninin normal temperaturu vanna və duşun temperaturundan asılı olmayaraq 36,5 °C – 37 °C arası qalır. Əslində, olduqca qaynar suda isti vanna qəbul etmək zərərli ola bilər, çünki nəticədə yanıq xəsarəti ala bilərsiniz.

“Qızıl” qayda: Koronavirusdan qorunmağın ən yaxşı yolu mütəmadi olaraq tez-tez əlləri spirtli salfetlə təmizləmək, axar su altında sabunla tələsmədən yumaqdır. Siz bunu edərək əllərinizdə ola biləcək virusu yox edir və göz, ağız və buruna toxunuşdan əmələ gələ biləcək infeksiyanın qarşısını kəsmiş olursunuz.

Yeni koronavirus ağcaqanadın sancması ilə yayıla bilməz

Yanlış: Yeni növ koronavirusun ağcaqanad vasitəsilə yayıla bilməsi barədə indiyədək nə məlumat, nə də dəlil var.

Yeni koronavirus əsasən yoluxmuş şəxsin öskürək və asqırağı və ya tüpürcək, ya da burun axıntısı nəticəsində əmələ gələn damcılarla yayılan, ötürülən respirator virusdur.

Əl quruducuları koronavirusun məhv edilməsində effektivdirmi?

Yanlış: Xeyr. Əl quruducuları virusu yox etmək üçün effektli deyil.

Doğru:  Əllərinizi minimum 20-30 saniyə ərzində incəliklə yuduqdan sonra kağız dəsmal və ya isti havalı quruducu vasitəsilə yaxşıca qurutmalısınız.

ÜST ultrabənövşəyi dezinfeksiya lampası ilə bağlı xəbərdarlıq edir

Yanlış: Hamının diqqətinə çatdırıq ki, ultrabənövşəyi lampa əllərin və ya dərinin başqa nahiyələrinin sterilləşməsi məqsədilə istifadə edilməməlidir, çünki ultrabənövşəyi şüa dərinin qıcıqlanmasına yol aça bilər.

Termoskanerlər effektivdir, amma…

Doğru: Termoskanerlər qızdırması olan xəstə insanların aşkarlanmasında effektivdir.

Amma koronavirusa yoluxmuş, xəstəlik əlamətləri müşahidə edilməyən şəxsləri aşkarlaya bilmir. Yoluxmuş şəxslərin inkubasiya dövründən sonrakı yalnız 2-10 gün arası müddətdən sonra hərarətləri yüksəlir.

Bütün bədənə spirt və ya xlor çiləməklə yeni koronavirusu yox etmək olarmı?

Yanlış: Xeyr. Artıq orqanizmə daxil olmuş virusu spirt və ya xloru bədənə vurmaqla məhv etmək mümkün olmayacaq. Bu cür maddələr həm paltar, həm də selikli qişalar (yəni göz, ağız) üçün zərərli ola bilər.

Unutmayın! İstər spirt, istərsə də xlor səthi təmizlik üçün yararlıdır, ancaq onları yalnız müvafiq tövsiyələrə uyğun olaraq istifadə etmək lazımdır.

Pnevmoniyaya qarşı vaksinlər yeni koronavirusdan qorumur

Yanlış: Xeyr. Pnevmoniyaya (məs., pnevmokok və B tipli hemofil infeksiya) qarşı olan vaksinlər yeni koronavirusdan qorumur.

Virus o qədər yeni və qeyri-adidir ki, onun üçün xüsusi vaksinə gərək var. Tədqiqatçılar yeni koronavirusa vaksin hazırlamağa çalışırlar və bu məsələdə ÜST onları dəstəkləyir.

Doğru: Adı çəkilən vaksinlər yeni koronavirusa qarşı effektiv olmasa da, respirator xəstəliklərə qarşı vaksinasiya sizin sağlamlığınız üçün təkidlə tövsiyə edilir.

Burunu duzlu məhlul ilə yaxalamaq yeni koronavirusa yoluxmağın qarşısını ala bilərmi?

Yanlış: Xeyr. Burunun mütəmadi olaraq duzlu məhlulla yaxalanması ilə insanların yeni koronavirusdan qorunacağına dair sübut yoxdur.

Sadəcə, burunun mütəmadi olaraq duzlu məhlulla yaxalanması insanları soyuqdəymədən daha tez sağalda bilməsi barədə məhdud dəlillər mövcuddur. Burnun mütəmadi olaraq yaxalanması respirator infeksiyaların qarşısını almır.

ÜST sarımsağın koronavirusdan qoruması məsələsinə aydınlıq gətirir

Sarımsaq – bəzi mikroorqanizmlərə qarşı antiviral (virus əleyhinə) və bakterosid (bakteriyaöldürücü) xüsusiyyətlərə malik sağlam qidadır. Buna baxmayaraq, sarımsaq qəbul etməklə insanların yeni koronavirusdan qoruyacağına dair heç bir sübut yoxdur.

Yeni koronavirus yaşlılarla yanaşı, daha gənc insanlara da təsir edirmi?

Bütün yaş qrupuna aid insanlar yeni koronavirusa yoluxa bilər. Yaşlılar və daha öncə başqa xəstəliyi olan insanlar yoluxmaya daha meyillidirlər.

ÜST bütün insanları virusdan qorunmaq üçün tədbirlər görməyə, məsələn, əl və nəfəs gigiyenasına riayət etməyə çağırır.

Antibiotiklərin yeni koronavirusun profilaktikası və müalicəsində effektivliyi 

Yanlış: Xeyr, antibiotiklər viruslara deyil, yalnız bakteriyalara qarşı yararlıdır.

COVID-19 bir virusdur və buna görə də antibiotiklər profilaktika-müalicə məqsədilə istifadə edilməməlidir.

Doğrusu: Ancaq əgər siz koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilibsinizsə, siz antibiotik qəbul edə bilərsiniz, çünki bakterial koinfeksiya (eyni anda yoluxma) ehtimalı mövcuddur.

Yeni koronavirusun profilaktikası və ya müalicəsinin dərmanları varmı?

ÜST bəyan edir ki, yeni koronavirusun profilaktikası və ya müalicəsi üçün hələlik xüsusi dərman yoxdur.

Amma virus daşıyıcıları simptomların yüngülləşməsi və müalicəsi üçün müvafiq yardımlar almalıdırlar. Ağır xəstəliyə malik insanlar isə optimallaşdırılmış dəstəkləyici terapiya almalıdırlar.

Xəstəliyin müalicə metodları hələlik araşdırılır və klinik təcrübə əsasında sınanılacaq. ÜST elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasında dəstək olur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların ümumi sayı 278 566-a çatıb. Bunların 92 906 nəfəri sağalıb, 11 554 nəfəri isə həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanı “COVID-19” adlandırıb, martın 11-də isə koronavirusu qlobal pandemiya elan edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir