“Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə işəgötürənlərə xəbərdarlıq ediləcək

Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

İclasda pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin  azaldılması ilə bağlı Tədbirlər planının layihəsi müzakirə olunub:

 İşəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb, bu məqsədlə fəaliyyət mexanizmlərinin geniş müzakirəsi aparılıb.

  • Bununla əlaqədar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından işəgötürənlərin nəzərinə (“Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə) müvafiq məzmunda Bildirişin çatdırılması qərara alınıb.

İşçi Qrupun üzvləri sırasına Dövlət Miqrasiya Xidmətinin rəisi, İqtisadiyyat nazirinin müavini, Maliyyə nazirinin müavini, Daxili İşlər nazirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini,  Dövlət Statistika Komitəsi sədrinin müavini, Mərkəzi Bankın sədrinin müavini, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri daxildir.

Hər bir işəgötürən sosial həmrəylik və sosial məsuliyyət prinsiplərini yüksək tutaraq:

Xüsusilə hazırki şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidirlər”.

İşəgötürənlərin diqqətinə çatdırırıq:

Pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunverciliyə uyğun ciddi tədbirlər görüləcək”.

Bildiriş artıq Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində işəgötürənlərin nəzərinə çatdırılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir