Rusiyanın İtaliyaya göndərdiyi yardımın 80 faizi yararsız və ya az faydalıdır

Rusiyanın koronavirusla mübarizə üçün İtaliyaya göndərdiyi yardımın 80 faizi tamamilə faydasız və ya az faydalıdır. Bu iddia ilə  İtaliyanın “La Stampa” qəzeti çıxış edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinlə İtaliyanın Baş Naziri Cüzeppe Konte arasında 21 martda telefon danışığından sonra  Rusiya İtaliyaya humanitar yardım göndərib.

15 təyyarə  (“İl-76”)  mobil dezinfeksiya kompleksi və laboratoriyalardan, eləcə də müxtəlif tibbi ləvazimatlardan ibarət  humanitar yardımdan əlavə İtaliyaya Rusiyanın epidemiya ilə mübarizə üzrə ixtisaslı hərbi  mütəxəssisləri də ezam olunub.

İtaliya mətbu orqanı göndərilən yardımın əsas hissəsinin İtaliyanın ehtiyac duymadığı – əraziləri dezinfeksiya üçün nəzərdə tutulan avadanlıq və xüsusi texnikadan ibarət olduğunu qeyd edib.

Jurnalistlərin fikrincə, Rusiya İtaliyaya dəstək verməklə əslində siyasi və diplomatik maraqların güdüb, Konte də buna razılıq verməklə Moskva ilə şəxsi münasibətlərini möhkəmləndirmək  istəyib.

Qəzet İtaliyaya göndərilən rusiyalı mütəxəssislərin səhiyyə işçisi deyil,  yüksək rütbəli hərbiçilər olmalarına da diqqət  yönəldib.

Almaniyanın “DW” nəşri də Rusiyanın və Çinin  koronavirusla mübarizədə Avropaya yardım kampaniyalarında  siyasi motivlərin olmasından bəhs edib. Onların  İtaliyaya  yardımı haqqında geniş danışıldığı-yazıldığı  vurğulanıb və qeyd olunub ki, Avropa Birliyi də italyanlara kömək edib. Amma bu barədə informasiya tapmaq mümkün deyil.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir