Azərbaycanda koronavirusa 17 yeni yoluxma faktı təsbit edilib, 1 nəfər həyatını itirib

 

Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib:

1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb”.

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir