ABŞ-da neftin üstündə pul da verirlər: təki gəl  apar anbarı boşalt

Bloomberg ”  agentliyinin yazdığına görə,  ABŞ bazarında neft  tamamilə dəyərsizləşib. Neftə tələbat  olmadığından bəzi istehsalçılar  anbarlarını boşaltmaq üçün neftin üstündə pul təklif etməyə başlayıb.

İlk belə təklif “Wyoming Asphalt Sour” şirkətindən gəlib. Bu şirkətin məhsulundan əsasən bitum istehsalında istifadə olunur. Hazırda isə alıcısı yoxdur.

“Mercuria Energy Group Ltd” şirkəti  neftin anbarlardan havayı aparılması üçün hər barelə 19 sent ödəməyə hazır olduğunu elan edib.

Mayda çatdırılma (fyuçer) kontraktları üzrə qiymətlər (markasından asılı olaraq) 21-24 dollar olsa da, analitiklər yaxın zamanda neftin qiymətinin yenə də kəskin düşəcəyini, hətta neqativə keçəcəyini proqnozlaşdırırlar.

Treyderlərin fikrincə, neftin neqativ qiymətdə olması bir müddət sonra adi hal alacaq. Bir yandan təklif yüksəkdir, digər tərəfdən neft emalı zavodları istehsal miqdarını azaldır. Neft məhsullarına tələbat minimuma enib. Bu da bir sıra neft markalarını kəskin ucuzlaşdırıb.

Ötən cümə günü

  • “Wyoming Sweet” marka neft 3 dollara,
  • “Western Select” marka 5 dollara,
  • “Oklahoma Sour” marka 5-6 dollara,
  • “Southern Green Canyon” marka 11 dolara təklif olunub.

Bəzi ölkələr neft idxalına moratorium (qadağa) qoyub.  Belə ölkələrdən biri Pakistandır – pakistanlılar neft və yanacaq anbarları dolduğundan martın 26-dan idxalı dayandırıblar.

Artıq bir çox  ölkədə neft və yanacaq anbarları dolub və yaxın bir neçə ayda bu bütün dünyanı əhatə edəcək.

Bu səbəbdən neft hasilatını nəinki azaltmaq, tamamilə dayandırmaq və ya minimuma endirmək zərurəti yarana bilər.

“IHS Markit” konsaltinq kompaniyasının analizinə görə, əgər neft ixracı dayanarsa, dünyanın ən iri 3 neft istehsalçısından biri olan Rusiyanın anbarlarında qalan boş yer cəmi 8 günə dolacaq. Səudiyyə Ərəbistanının 18, ABŞ-ın 30 günə yetəcək ehtiyat yeri var.

Dünya neft bazarında vəziyyətin belə bir dəhşətli hala gəlməsi təkcə koronavirus epidemiyasının iqtisadi fəsadları ilə bağlı deyil.

Bu neft “müharibə”si Rusiyanın OPEK+ formatında razılaşmalardan çıxması ilə başlayıb.

Koronavirus epidemiyasının  hələ yüksələn xətt üzrə getdiyini, nəticələrinin günbəgün ağırlaşdığını, prosesin hələ ən azı 2 ay sürəcəyini nəzərə alsaq, neft sənayesi və bazarı da  tarixi dramını yaşayacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir