Gürcüstanda sərtləşdirilən karantin rejimi çərçivəsində komendant saatı da tətbiq olunacaq

Gürcüstanın baş naziri Georgi Qaxariya koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 31-dən gecələr komendant saatı tətbiq ediləcəyini, ictimai nəqliyyatın, o cümlədən metro sisteminin bağlanacağını və üçdən çox insanın toplaşmasının qadağan ediləcəyini bildirib.

Bu gündən qüvvəyə minmiş yeni qaydalara əsasən, ölkə ərazisində axşam saat 21:00-dan səhər saat 06:00-dək hər növ  (piyada və ya avtomobillə) hərəkət qadağan olunub.

Bütün növ ictimai nəqliyyatdan, o cümlədən metrodan istifadə yasaqlanıb.  Şəhərlərarası səyahətə və yaşayış məntəqələrinin özündə hərəkət dayandırılıb. 3 nəfərdən  çox adamın toplaşmasına sosial məsafə qaydalarına riayət etməklə yalnız ərzaq mağazalarında və apteklərdə icazə verilir.

Evdən çıxarkən bütün vətəndaşlar şəxsiyyət vəsiqələrini özləri ilə götürməlidir.

70 yaşdan yuxarı insanlar evlərini yalnız yaxınlıqdakı ərzaq mağazasına və ya aptekə getmək üçün tərk edə bilər.

Yalnız minik avtomobillərindən və taksilərdən istifadəyə icazə verilir. Bu zaman avtomobildə  3 nəfərdən artıq şəxs olmamalıdır və sürücüdən başqa digər iki sərnişin  arxa oturacaqda əyləşməlidir.

Qaxariya onu da əlavə edib ki, paytaxt Tbilisidə və ölkənin digər 6 böyük şəhərində vətəndaşların yoxlanması üçün xüsusi tibb məntəqələri yaradılacaq.

Xatırladaq ki, 3,7 milyon əhalisi olan Gürcüstanda dünən  koronavirusa daha 100 nəfərin yoluxduğu, ölənlərin olmadığı və 18 xəstənin sağaldığı açıqlanıb. Ölkədə martın 21-dən etibarən bir ay müddətinə fövqəladə vəziyyət elan edilib.

Ölkənin Ədliyyə naziri Tea Tsulukiani mühafizəçilər də daxil edilməklə, penitensiar sistemin 800-ə yaxın müfəttişinin həbsxanada qalacağını və virusun yayılmaması üçün xüsusi yerlərdə saxlanılacaqlarını bildirib.

 

Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir