Karantin rejimində qadağalar və tətbiq olunan cərimələr nə dərəcədə hüquqidir?

 

Koronavirus pandemiyası ilə mübarizə  fonunda  karantin rejimini pozduqlarına görə vətəndaşlar cərimələnməyə başlanılıb.  Bu rejim çərçivəsində də vətəndaşların bir sıra hüquq və azadlıqları məhdudlaşdırılıb.

Evinin, blokunun qabağında belə dayanan şəxslərə 100 manat cərimə yazılır.

Əlbəttə, karantin rejimi tələblərinə riayət edilməsini təmin etmək üçün  caydırıcı tədbirlər görülməlidir və bu lazımdır, hətta Azərbaycanda hələ də məsələyə səhlənkar yanaşanların  az olmadığı şəraitdə zəruridir.

Bəs bu hansı hüquqi əsasla edilir və ya edilməlidir?

Bunun üçün  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini vərəqlədik.

Məcəllənin 517-ci maddəsi “Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması” haqqındadır. Bu maddənin 517.0.9-cu bəndində deyilir:

Karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, yaxud mülki müdafiə tədbirlərinin pozulmasına;

“görə fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya”…

Maraqlıdır, ölkədə rəsmən fövqəladə vəziyyət  elan olunmadan bu maddəni tətbiq etmək mümkündürmü?

Bu və ya digər suallara hüquqşünas  Şamil Paşayev  aydınlıq  gətirib:

Vətəndaşlar inzibati məsuliyyətə  İnzibati Xətalar Məcəlləsinin  517 yox, 211-ci maddəsinə əsasən cəlb olunmalıdırlar  və bu, belə də edilir.

Burada o dərəcədə problem yoxdur.

Amma geniş anlamda götürsək,   bu  qadağalar yalnız fövqəladə vəziyyət elan edildikdən sonra tətbiq olunmalıdır.
Nazirlər Kabineti yanında Operativ Qərargah Sanitariya-epidemioloji salamatlıq haqqında qanunun 25-ci maddəsinə istinadla bu qadağaları tətbiq edir. Lakin əslində bunun hüquqi əsası və  təməl bazası yoxdur.

Xatırladaq ki, qeyd olunan 211-ci maddə “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” haqqındadır və bu xətaya görə “fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”

Belə olan halda: “ Epidemiya əleyhinə rejim və ya sanitariya-gigiyena və karantin rejimləri fövqəladə vəziyyət elan olunmadan tətbiq oluna bilərmi? sualına isə Şamil Paşayev belə cavab verib:

Epidemiya əleyhinə rejim ola bilər. (Yuxarıda nəzərə aldığımız qanuna görə  (red:Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna görə)

Belə şəraitdə  vətəndaşların konkret hüquq və azadlıqlarının  məhdudlaşması isə fövqəladə vəziyyətlə olmalıdır.

“Fövqəladə vəziyyət haqqında” qanunun 8-ci maddəsində bu siyahı tam verilib. Həmin siyahıdakı qadağalar ancaq fövqəladə vəziyyətdə tətbiq edilə bilər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir