Güney Azərbaycanda da koronavirus qurbanlarının sayı artmaqdadır

Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən dünyasını dəyişənlərin sayı artmaqdadır.

Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi “Səhənd” telekanalına verdiyi açıqlamada Şərqi Azərbaycan əyalətində son 24 saat ərzində 53 nəfərdə koronaviris infeksiyasının aşkarlandığını, 7 nəfərin isə bu virusdan həyatını itirdiyini  bildirib.

Beləliklə, bu günədək əyalətdə 1815 nəfərin koronavirusa yoluxduğu məlum olub, onlardan 184-ü həyatını itirib.

Məhəmməd Hüseyn Sominin sözlərinə görə, koronavirus infeksiyası ən çox əyalətin Təbriz, Əhər, Üskü, Sarab, Miyana, Azərşəhr (Tufarqan), Binab Çaroymaq şəhərlərində yayılıb.

Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanlar və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yerdəki Qəzvin əyalətində isə 1039 nəfərin koronavirusa yoluxduğu, 151 nəfərin həyatını itirdiyi açıqlanıb. Qəzvin Tibb Universitetinin rektoru  Peyman Namdar əyalətdə infeksiyaya yoluxanlardan 669 nəfərinin sağaldığını deyib.

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 870 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rektoru  Cavad Ağazadə pandemiya yayıldığı gündən Qərbi Azərbaycanda 2 min 129 nəfərdən test götürüldüyünü bildirib.

Rektorun sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan vəfat edənlərin  sayı 73 nəfərə çatıb,  432 nəfər isə sağalıb.

Ərdəbil əyalətinə gəlincə, bu günədək 1190 nəfərdən test götürüldüyünü deyən Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthi 515 nəfərdə koronavirus infeksiyası aşkarlandığını bildirib. Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha 6 nəfər həyatını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 93 nəfərə çatıb.

Zəncan əyalətinin Tibb Universitetinin rektoru  Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 637, xəstəlikdən həyatnı itirənlərin sayı isə 63 nəfərə çatıb. O, infeksiyanın yayıldığı gündən etibarən virusa yoluxanlardan 445 nəfərinin tamamilə  sağaldığını deyib.

Həmədan əyalətində isə rəsmilər statistikanı gizlətməkdə davam edir. Həmədan Tibb Universitetinin rektor müavini bir həftə fasilədən sonra əyalətdə 40 nəfərin koronavirusdan öldüyünü bildirib. Ölənlərin virusa yoluxmadan əvvəl bəzi xəstəliklərdən əziyyət çəkdiyini diqqətə çatdıran Kərəmi koronavirusa  yoluxanların sayı barədə məlumat verməyib. Doqquz gün öncə verilən məlumatda  əyalətdə 355 nəfərin koronavirusa yoluxduğu, onlardan 29-nun həyatını itirdiyi bildirilmişdi.

Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu iddia edir.

 

Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir