Saxta icazə arayışı hazırlayaraq satan şəxs və onun “müştəriləri” saxlanılıblar

Daxili İşlər nazirliyinin məlumatına görə, Bakı şəhərində sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayaraq 20 manata satan şəxs və onun “müştəriləri” saxlanılıblar.

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq,   qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir.

Polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq pul müqabilində satan və bununla da karantin qaydaları kobud şəkildə pozan şəxslər saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdə saxta icazə vərəqələri çap edib.

O, icazə vərəqələrini  tanışları –  paytaxt sakini Rahib Qurbanov və və Gədəbəy rayon sakini Arzuman Abdullayevə 20 manat müqabilində satıb. Hər 3 şəxs polis tərəfindən saxlanılıb və onlar etdikləri qanunsuz əməli etiraf ediblər.

Hazırda saxlanılan şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir