ABŞ-da koronavirus ölkənin iştirak etdiyi 6 müharibənin toplamından çox can alıb

Koronavirus pandemiyasında xəstələnərək həyatını itirən amerikalıların sayı 12 minə yaxındır. Bu, ABŞ-ın iştirak etdiyi  6 müharibədəki itkilərinin cəmindən çoxdur.

ABŞ veteranlarının işləri üzrə nazirliyin məlumatına əsasən, ölkə Amerika inqilabı, İngilis – Amerika müharibəsi, Amerika – Meksika müharibəsi, Hindu müharibələri, İspaniya – Amerika müharibəsi və Fars körfəzi müharibəsində 9961 əsgər itirdiyi halda,  tipik olmayan pnevmoniya törədən yeni növ koronavirus – SARS-CoV-2 (Covid-19) 11 mindən çox (11830) amerikalının canını alıb. Və bu proses davam etməkdədir.

ABŞ mütəxəssislərinin və siyasətçilərinin proqnozuna görə, bu həftə virusdan həyatını itirənlərin  sayı yüksək olacaq.

Hazırda ölkədə hər gün min nəfərdən çox insan koronavirusdan vəfat edir. Bu, Amerikada hər gün ağciyər xərçəngi və qripdən ölənlərin sayından iki dəfə çoxdur.

Bu günə olan məlumata görə, ABŞ-da 378 mindən çox şəxsdə koronavirus qeydə alınıb. Ölüm statistikası ilə ölkə sürətlə  İtaliya və İspaniyaya yaxınlaşmaqdadır və bu gedişlə onları ötə də bilər.

ABŞ-da koronavirusa yoluxanların və  həyatını itirənlərin əksəriyyəti qaradərililərdir. Məsələn, əhalisinin cəmi 30 faizi qaradərili olan Çikaqoda Covid-19-dan ölənlərin 72 faizi zəncilərdir.

Ölkə mətbuatı bunu qaradərililərin ağlara nisbətən daha az səhiyyə xidmətləri ilə əhatə olunması ilə izah edir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir