OPEK+ konfransını bu dəfə Meksika pozub: konsensus əldə olunmayıb

Aprelin 6-a təyin edilmiş, daha sonra 9-na təxirə salınmış OPEK+ konfransı, nəhayət, dünən  keçirilib. 10 saat sürən videokonfransda “neft qiyməti müharibəsini” başladan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında razılıq əldə olunub və neft hasilatını azaltmaq haqqında təklifləri birlik üzvləri, eləcə də yeni formatda digər ölkələr qəbul edib.

Virtual danışıqların ilk saatlarında Rusiya və Səudiyyə Ərəbistanı sutkada 23 faiz  azaltmaqla hasilatı 8,5 milyon barel səviyyəsinə endirməyə razı olub.

Ümumi razılığa əsasən, məhdudiyyətlər  2022-ci ilin aprelinə qədər qüvvədə olmalıdır.

Amma gözlənilmədən tarixi razılaşma Meksika  tərəfindən pozulub.

Meksikanı təmsil edən və qalan nümayəndələrin içində tək qadın olan Energetika naziri Rosio Nale  ölkəsi adına neft hasilatını 23 faiz azaltmağı qəbul etməyib. O, hasilatın 400 min barel azaldılması və ya Meksikanın ümumi razılaşmadan kənar tutulmasını istəyib.

OPEK+ planına əsasən, Meksikaya gündəlik hasilatı 1,75 milyon barel səviyyəsinə endirmək təklif olunub.

Meksikanı yola gətirmək üçün 4 saat  danışıq aparılsa da, Rosio Nale  təklifi qəbul etməyib.  Ölkəsinə istisna istəyən nazir xanım əks təqdirdə konfransı tərk edəcəyini bəyan edib və bir müddət sonra danışıqlardan çıxıb.

Beləliklə, OPEK+ konfransında  yekun razılıq sənədi  qəbul olunmayıb.

Bakı vaxtı ilə gecə saat 5-də OPEK hasilatın sutkada 10 milyon barel azaldılması təklifinin qüvvədə qaldığı, danışıqların G20 ölkələrinin bu gün saat 16:00-a keçiriləcək internet seminarında davam etdiriləcəyi haqqında bəyanat verib.

Bir sıra aparıcı birjaların pasxa münasibətilə bağlı olduğu bazarda neft  (“Brent”) bu hadisədən sonra 4 faizdən çox ucuzlaşıb: 36 dollardan 31 dollara düşüb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir