Güney Azərbaycanda koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı artır

Təbriz Tibb Universitetinin rektoru  Məhəmməd Hüseyn Somi “Səhənd” telekanalına verdiyi açıqlamada Şərqi Azərbaycan əyalətində son 24 saat ərzində 170 nəfərdə koronaviris infeksiyasının aşkarlandığını, 7 nəfərin isə bu virusdan öldüyünü bildirib.

Beləliklə, bu günədək əyalətdə 2591 nəfərin koronavirusa yoluxduğu məlum olub, onlardan 248-i həyatını itirib.

Məhəmməd Hüseyn Sominin sözlərinə görə, koronavirus infeksiyası ən çox əyalətin Təbriz və Əhər şəhərlərində yayılıb.

İranın Rəsmi statistikalarına əsasən, Qəzvin Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur. Bu əyalətdə üç gündür ki, yeni rəqəmlər açıqlanmır. Ən son verilən məlumatda Qəzvində 1125 nəfərin koronavirusa yoluxduğu, 173 nəfərin həyatını itirdiyi bildirilib.

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 1396  nəfərə çatıb. Urmiya Tibb Universitetinin rektoru  Cavad Ağazadənin verdiyi məlumata əsasən, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 105 nəfər, sağalanların sayı isə 758 nəfərdir.

Ərdəbil əyalətində də bu günədək 746 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rektoru  Qüdrət Əxəvan Əkbərinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha üç nəfər həyatını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 122 nəfərə çatıb.

Zəncan əyalətinin Tibb Universitetinin rektoru  Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 770, xəstəlikdən ölənlərin sayı isə 76 nəfərə çatıb. O, pandemiyanın yayıldığı gündən etibarən koronavirusa yoluxan 586 nəfərin tam sağaldığını diqqətə çatdırıb.

Həmədan əyalətində də yeni rəqəmlər açıqlanmayıb. Aprel 7-dən etibarən yenilənməyən statistikada  558 nəfərin koronavirusa yoluxduğu, 52 nəfərin bu xəstəlikdən öldüyü təsdiqlənib.

Qeyd edək ki, daha öncə Həmədan Tibb Universitetinin rektrou Rəşid Heydəri Müqəddəm əyalətdə koronavirusa yoluxanların sayının 1566 nəfər olduğunu demişdi. Lakin xəbər qısa müddət sonra saytlardan silinib. Müxtəlif mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, lakin real statistikanın gizlədildiyini bildirir.

Xatırladaq ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu iddia  edir.

 

Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir