Şengen zonası sərhədləri sentyabradək bağlı qala bilər

Fransa Prezidenti Emmanuel Makron koronavirus pandemiyası səbəbindən Şengen zonası dövlətləriinin sərhədlərinin sentyabra qədər bağlı qala biləcəyini istisna etməyib.

Belə bir pessimist proqnozla o, ölkəsindəki həmkarlar təşkilatlarının rəhbərləri ilə keçirdiyi videokonfransda bölüşüb. Bu barədə konfrans iştirakçılarına istinadla BFMTV xəbər verib.

Makron ABŞ-dakı vəziyyətə diqqət yönəldib, qeyd edib ki, yoluxanların və həyatını itirənlərin sayına görə önə çıxan ABŞ-da epidemiya hələ pik həddinə çatmayıb. O, həmçinin epidemiyanın Afrikada yeni başladığını, Asiyada isə ikinci dalğanın ola biləcəyini bildirib.

Qeyd edək ki, iki gün sonra – aprelin 13-də  Makron Fransa xalqına müraciət edəcək. Onun aprelin 15-də sona çatan özünütəcrid rejimi müddətini uzadacağı, yeni tədbirlər haqqında məlumat verəcəyi gözlənilir.

Xatırladaq ki, Avropa İttifaqının sərhədləri martın 17-dən kənar dünyaya bağlıdır.

Avropa Komissiyası aprelin 8-də Şengen zonası hüdudlarında hərəkəti mayın 15-dək uzatmağı tövsiyə edib. Hazırda Şengen zonası daxilində, zəruri hallar istisna olmaqla, bütün növ hərəkət qadağandır. Diplomatlar və səhiyyə işçiləri, koronavirusla mübarizədə iştirak edən tədqiqatçılar istisnadır.

Bu ana olan məlumata görə, dünya üzrə koronavirusa yoluxanların sayı 1,7 milyonu keçib. Virus ucbatından həyatını itirənlər 104 minə yaxındır. ABŞ-dan sonra ən çox “COVİD-19″a yoluxan və  bundan vəfat edən İspaniyada, statistikaya görə, daha sonra İtaliyada, Fransada, Almaniyada və Çindədir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir