Tibbi spirt zəhərlidirmi – insanları öldürən nədir?

Son zamanlar  İranda, Türkiyədə, Azərbaycanda, eləcə də bəzi MDB ölkələrində spirtdən və ya saxta alkoqollu içkilərdən zəhərlənərək həyatlarını (sağlamlığını)  itirənlər  haqqında xəbərlər tez-tez rastımıza gəlir.

Əvvəllər də belə hadisələr olub. Amma koronavirus pandemiyası fonunda belə zəhərlənmələrin sayı xeyli artıb. Məsələn, İranda  ən azı 600 nəfər həyatını itirib. Ümumi zəhərlənənlərin sayı isə 3000 nəfərdən çox olub.

Halbuki, bir çox halda insanlar spirtdən istifadə etməklə virusdan qorunmaq fikrində olublar.

Bəs insanları öldürən nədir, hansı spirt zəhərlidir?

Məişətdə əsasən iki növ spirtdən istifadə olunur: tibbi və texniki.

Tibbi spirt – etil (etanol) spirtidir. Alkoqollu içkilər, məsələn, araq etil spirtindən düzəldilir. Səhiyyədə istifadə olunan, apteklərdə satılan müxtəlif faiz dərəcəli spirtlər də etanol əsaslıdır.

Texniki spirtsə əsasən  metildən (metanoldan) istehsal olunur. Texniki məqsədlər üçün və ya sənayedə istifadə edilir. Məsələn, evdə radiotexniki avadanlıqların platalarını, detallarını təmizləmək üçün nəzərtə tutulur. Metanol (metil) ZƏHƏRLİDİR!

Qeyd edək ki, etil əsaslı texniki spirt də olur.

Etil spirtinin növləri müxtəlifdir və onun keyfiyyəti  təmizliyi ilə ölçülür. Bununla da siniflərə bölünür.

Tibdə  istifadə olunan etil spirti  içki sənayesində istifadə olunan  etil spirtindən yalnız bu keyfiyyət  (təmizlik) dərəcəsinə görə fərqli siniflərə bölünür. Tibbi spirt içmək üçün nəzərdə tutulmadığından aşağı  sinif etildən düzəldilir.  Ona  görə də ucuzdur.

Bununla belə, etil spirti zəhərli deyil. Hətta  daxilə qəbul edilsə, insanı öldürməz. Amma 95 dərəcəli etil (tibb) spirti içildiyi zaman ağız-boğaz-qida orqanlarını “yandıra” – zədələyə bilər.

Zəhərli olan metil spirtidir

 

Təhlükəli və zəhərli olan metil (metanol) spirtidir. İnsanları zəhərləyən, öldürən və sağlamlığına ciddi ziyan vuran məhz metanol  tərkibli spirt və ya içkilərdir.

Metil spirtinin 10 qramı insan orqanizminə ciddi ziyan vura, onu kor edə bilər. 80-150 milliqram isə ölümcüldür.

Əgər kim isə metil spirtini insanlara hər hansı ad altında – tibbi və ya ərzaq məhsulu  kimi verirsə, bunun adı sui-qəsddir:  bilərəkdən və ya bilməyərəkdən.

Etil və metil spirtlərinin fərqi nədədir?

Etil və metil spirtlərini bir-birindən gözlə ayırd etmək mümkün deyil. Spesifik spirt qoxusu da hər ikisində təxminən eynidir.

Ona görə də spirt və ya alkoqollu içkidən istifadə edərkən diqqətli olmaq lazımdır. Şübhəli mənşəli, kustar üsulla hazırlanmış məhsullardan istifadə etməmək məsləhətdir.

Ən etibarlı yol  leqal (etibarlı) ticarət şəbəkələrində , apteklərdə satılan və etiketində  zəruri məlumatlar olan, ən başlıcası isə tərkibi göstərilən məhsullardan istifadə olunmalıdır.

Spirt və ya spirt tərkibli hər hansı məhsuldan istifadə etməzdən öncə onun hansı spirtdən hazırlandığına diqqət etmək lazımdır.

Zatən leqal yolla istehsal olunmuş heç bir tibbi və ya ərzaq məhsulunun tərkibində metanol ola bilməz.

 

Amma təəssüf ki, saxta məhsullar leqal satış məntəqələrinə, hətta apteklərə qədər yol tapa bilir. Azərbaycanda apteklərdən tibbi spirt olaraq alınmış, amma əslində içində metil spirti olan saxta məhsullardan zəhərlənib həyatını itirənlər olub. (aprelin əvvəlində 11 nəfər məhz belə saxta tibbi spirtdən zəhərlənib. Onlardan 5-i dünyasını dəyişib)

Odur ki, tibbi spirtdən təyinatı üzrə istifadə, mənşəyi bəlli olmayan məhsullardan isə tamamilə imtina etmək  məsləhətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir