“Palmali Holding”ə kredit verən alman bankı şirkətin ödəmə qabiliyyətini itirməsi səbəbindən maliyyələşməni dayandırıb və ona məxsus 6 tankeri müsadirə edib.
Bu haqda ilk olaraq Türkiyənin “Denizhaber” portalı yazıb.
Məlumata görə, dünyada dənizçilik sektoruna kreditlər verməsi ilə tanınan, keçmiş adı “HSN Nordbank” olan, mərkəzi ofisi Almaniyada yerləşən “Hamburg Commercial Bank” (HC Bank) Mübariz Mənsimovun-Qurbanoğlunun “Palmali Dry Holding” və “Palmali Holding” şirkətlərinə 6 quru yük gəmisinin satın alınması üçün ayırdığı kredit üzrə ödəmələrin 2018-ci ildən bəri dayandırılmasına görə həmin gəmilərin müsadirəsinə qərar verib.
“Hamburg Commercial Bank” tərəfindən “Palmali Holding” rəhbərliyinə göndərilən rəsmi məktubda deyilir ki, 2006-cı ildə götürülən kredit indiyə qədər 5 dəfə restruktirizasiya edilib və 2018-ci ilin birinci kvartalından etibarən bəri ödəmələr ümumiyyətlə dayanıb.
Bank “Palmali Holding” şirkətinin anlaşmalara heç cür əməl etmədiyini, nəticədə 6 gəminin alınması üçün verilən kreditin geri çağırılmasına qərar verildiyini və gəmilərin ən qısa zamanda banka təhvil verilməli olduğunu bildirir.
Mənbə yazır ki, bank 2018, 2019-cu illərdə və 2020-ci ilin ötən aylarında “Palmali Holding”ə kreditin geri çağırılması ilə bağlı 8 rəsmi məktub göndərib. Lakin “Palmali Holding” heç bir vədə əməl etməyib. Bu səbəbdən bank 27 milyon dollarlıq borcun ödənilməməsinə görə 6 gəminin idarəçiliyinin ona təhvil verilməsini istəyir.
6 gəminin Almaniya bankının nəzarətinə keçməsi ilə “Palmali Holding”in donanmasında cəmi 21 gəmi qalacaq. Halbuki, bir zamanlar holdinqin 200-ə yaxın gəmisi var idi.
Xatırladaq ki, bundan əvvəl “Palmali Holdinq”in Rusiyadakı törəmə şirkəti “Palmali” MMC müflis olub və məhkəmə şirkətin “Sberbank”a olan 220 milyon dollar borcunun əvəzinə şirkətin 52 gəmisini müsadirə edib.
“Denizhaber” yazlr ki, “Palmali Holding”in hazırda müxtəlif banklara, yanacaq təchizatçılarına, tərsanələrə və başqa şirkətlərə olan borcları 600 milyon dollar cıvarındadır. Borclarını ödəyə bilmədiyindən şirkət işçilərinə, dənizçilərə maaşlarını vaxtlı-vaxtında ödəməkdə çətinlik çəkir.
İddiaya görə, hazırda şirkətin aktivlərinin bazar dəyəri cəmi 100 milyon dollara yaxındır. Bu baxımdan kreditorlar istənilən vaxt “Palmali”nin müflis elan edilməsi barədə iddia qaldıra bilər. Həmin aktivlərin hamısı hazırda kreditorların girovluğundadır. Bu kreditorların arasında banklardan başqa sələmçilərin də olduğu bildirilir.
Mübariz Mənsimov-Qurbanoğlunun gəmilərinə alman bankının həbs qoyması barədə Türkiyənin “Haberglobal” informasiya və analitika tv kanalında da xəbər verilib.