"Azərxalça" 3 aydır işçilərə maaş vermir

“Azərxalça” ASC-nin əməkdaşları üç aydır əməkhaqqı ala bilmirlər.

Qurumun Qəbələ filialının işçiləri deyir ki, hər gün işə çıxsalar da  əmək haqlarını ala bilmirlər, bu isə onların ailələrini çətin vəziyyətə salıb.

Bəzi işçilər maaş ala bilmədikləri üçün pandemiyaya görə karantində verilən 190 manat üçün müraciət etdiklərini, lakin imtina cavabı aldıqlarını bildirib.

“Azərxalça”nın mətbuat xidmətinin rəhbəri Tural Səfərov BBC News Azərbaycancaya bildirib ki

Qurumun 21 filialının əməkdaşları fevral ayından əməkhaqqı almayıb”.

Cənab Səfərov söyləyib ki, koronavirusa görə tətbiq edilən məhdudiyyətlərdən sonra “Azərxalça” məhsullarının həm yerli, həm də dünya bazarlarında satışı xeyli azalıb, buna görə də işçilərə maaş verə bilməyiblər.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb. Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi mayın 31-dək uzadılıb. Nazirlər Kabineti mayın 4-də və 18-də xüsusi karantin rejimini bir qədər yumşaldıb.

Qurumun sözçüsü dövlətdən pandemiya ilə əlaqədar maliyyə yardımının ayrılması üçün İqtisadiyyat Nazirliyinə müraciət etdilib.

“Dünya bazarlarında xalça və xalça məhsullarına tələbat azalıb. Buna görə bizim satış imkanlarımız bir az məhdudlaşıb. Biz artıq dövlətə yardım üçün müraciət etmişik. Qısa zaman ərzində müraciətimizə baxılacaq və biz də ayrılan vəsaitlə əməkdaşlarımızın ödənişlərini edəcəyik. Bundan sonra da Azərxalçanın fəaliyyəti davam edəcək,” –  Tural Səfərov bildirib.

Tural Səfərov deyir ki, maliyyə yardımı ayrılandan sonra “Azərxalça” işçilərinin fevral-mart aylarının əməkhaqları tam şəkildə, aprel ayının əməkhaqqı isə boşdayanmaya əsasən ödəniləcək.

“Bəzi əməkdaşlar məzuniyyətə göndərilib”

Tural Səfərov deyir ki, hazırda “Azərxalça” ASC-nin koronavirus epidemiyasının ən çox yayıldığı bölgələrdəki filiallarında işçilər ödənişli məzuniyyətə göndərilib”.

“Bəzi filiallarda bəzi əməkdaşlarımız işə çıxsalar da, qurum tam fəaliyyət göstərə bilmir. Lənkəran, Abşeron, Nardaranın əməkdaşları işə çıxmır. Bizdə normal iş prosesində 70-80 nəfər bir yerə toplaşıb işləyir deyə, onların fəaliyyətə başlamasına icazə vermirik. İndi mərkəzi aparatımız işləyir. İşi elə tənzimləmişik ki, karantin rejiminin qaydaları pozulmasın”.

“Azərxalça” ASC-nin 1800 əməkdaşı var, onlardan 1500-ü toxucudur.

bu gün Azərbaycan

“Hər kvadratmetr xalça üçün 250 manat alırlar”

Tural Səfərov xalçaçıların əmək haqqının işəmuzd hesablandığını söyləyir.

Onun sözlərinə görə, xalçaçılar toxuduqları hər bir kvadratmetr xalça üçün 250 manat alırlar.

Qurum sözçüsü vurğulayıb ki, “karantin tədbirləri bitdikdən və ölkələrarası əlaqələr bərpa edildikdən 14 həftə sonra qurumun tikilişi yarımçıq qalmış yunəyirici boya fabriki istifadəyə veriləcək”.

Xatırladaq ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti  2016-cı ildə yaradılıb. Qurumun səhmləri dövlətə məxsusdur.

Onu da qeyd edək ki, hökumət karantinə görə iş yerini bağlamaq məcburiyyətində olan qurumlar və sahibkarlar üçün dövlət büdcəsindən ümumilikdə 3,5 milyard manat vəsait ayırdığını bildirib.

Mənbə: BBC

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir