İnformasiya kirliliyi elə bir dəhşətli hala gəlib çıxıb ki, tozanaqdan göz açmaq və vəziyyəti düzgün dəyərləndirmək, kimin – kim, nəyin – nə olduğunu anlamaq harada isə imkansızlaşıb.
Cəmiyyətdə ideoloji və əxlaq boşluğu yaranıb. Daha doğrusu yaradılıb: ideologiyasızlıq özü də bir ideologiya, əxlaqsızlıq da bir növ əxlaqdır.
Ölkədə sosiologiya bir institut olaraq sanki ixtisar olunub. İctimai şüurun “çobanlığı” onun ünsürlərinin qoyunlaşdırılması metodikası ilə aparılır. Özü də kifayət qədər “uğur”la…
Hər bir insana onun əməlləri və niyyəti əsasında qiymət verilməlidir
Kamil ZEYNALLI son dövrün populyar isimlərindəndir.
Etiraf edim ki, bu dövrə qədər ona qətiyyən rəğbətim olmayıb: elə bəzi əməllərinə görə. İndi məqsədim onları xatırlatmaq deyil.
Amma pandemiya, karantin dövründə gördüyü işlər, yenə də qeyd edirəm, ƏMƏLLƏRİ barəsində fikrimi dəyişdirdi.
Cəmiyyətimizdə bir maksimalistlik var: ya hər şey, ya heç nə. Bu insanlara münasibətdə də özünü büruzə verir.
Ya birini göylərə qaldırıb başımızın tacı edərik, ya da elə öz əlimizlə oradan yerə çırpıb ayaqlayarıq. Yaxud yenidən oradan qaldırıb qəhrəman elan edərik. Heç üzr də istəmərik…
Hisslərimiz idrakımızdan hər zaman öndə olub. Əlbəttə, istisnalar da kifayət qədərdir. Siz də onlardan biri ola bilərsiniz… Məsələ fərdlərdə deyil, şəraitə hökm kəsilmiş şərtlərdədir.
Kamil ZEYNALLI – karantin dövründə, sosial təminat istiqamətində hökumətin yarıtmaz siyasəti fonunda bunları əməlləri ilə daha çox üzə çıxardı. Özü də bunu fərqində olmadan.
Bəli, suallar çoxdur: Kamil o maddi yardımları hansı mənbə hesabına edib, donor və sponsorlar kim olub, niyyəti(ləri) nə olub, niyə bunu qabardaraq edib, niyə filan videonu belə çəkib, özünü belə göstərib və s…
Bu sualların bəzilərinin əhəmiyyəti böyük olsa da, mahiyyət etibarilə tələb olunan əməlin vaxtında və yerində edilməsi əsas olduğundan onun necə və kim tərəfindən icrası özündən vacib olmur.
Zərurət, ehtiyac var idi – edildi. Nə formada edildi – bu, az əhəmiyyətlidir. Vacibdir ki, bu oldu!
Niyə vacibdir? Ona görə ki, evlərdə, komalarda gözdən-könüldən uzaq, bir tikə çörəyə möhtac insanlarımız var idi!
Toxun acdan xəbəri olmaz – bəzi ağzıgöyçək sosial təminat (hökumət) sektoru əməkdaşlarına bunu anlatmaq çətindir. Onlar insanlara zərurət yarandığı anda həyan olmağı bacarmadılar.
Əksinə, dövlətin ayırdığı yardım vəsaitini əhaliyə elə formada “çatdırdılar” ki, bu, hakimiyyətə ayı xidməti oldu.
Əgər bir insan sərasər 33 il işləyib qəpiyinə qədər hər il hökumət qarşısında bütün sosial mükəlləfiyyətlərini yerinə yetirib, sonra ədalətsiz sistemin qurbanı olaraq 30 ay işsiz qalıbsa və o, işsiz kimi karantindən də öncə qeydə alınıbsa, ona niyə birdəfəlik yardım edilməməlidir?
Yəni insana öz halal pulundan – sosial kapitalından da borc vermək olmaz? Öz pulundan özünə… edilmədi – beləcə, hökumətə etimad sarsıdıldı.
Bir insan rəsmən işsizdirsə, deməli, onun başqa gəlir yeri yoxdur! Hökumət artıq (öz ərizəsi ilə işdən çıxan) işsizlərə üçüncü ildir ki, işsizlik müavinəti vermir.
Bu insanlar acından ölməlidirmi? Şübhəsiz, bu yerdə hökumət nümayəndələri hücum çəkib mütləq “ölkədə acından ölən yoxdur” deyəcək – düzdür, razıyam, birbaşa acından ölən yoxdur. Hərçənd, bir tikə çörəyə möhtac qalan var. Amma o belə, acından ölmür. Ölməyəcək də. Ona görə ki, bizim millət olaraq ən böyük fəzilətlərimizdən biri də odur ki, ailə üzvlərini, dostumuzu, qonşunu, hətta tanımadığımz birini darda qoymarıq. Mütləq əl tutarıq, çox zaman da “sağ əlin verdiyindən sol əlin xəbəri olmaz”… Bu “xəbərsizlik”dəndir ki, cəmiyyət onların olmadığını düşünür.
Amma (!) nə üçün 33 il işləyib 28 min sosial kapital toplamış, haqsız yerə işdən uzaqlaşdırılmış, işsiz kimi qeydə alınmış və 3-cü il bir qara qəpiyin yiyəsi olmayan bir şəxs oğlunun, dostunun, qonşusunun ümidinə qalmalıdır ki?
Oğlum işləyirsə, mən onun əlinəmi baxmalıyam? Hanı bəs mənim sosial təminatım, illərlə ödədiyim faizlərin, zəhmətin əvəzi?
Çox insana ehtiyacı olduğu halda birdəfəlik yardım – o məşhur 190 manat verilmədi.
- 5 sot boş bağ yeri olan adama etiraz edildi…
- Adına 40 ilin maşını olan şəxsə imtina edildi…
- Sürməyə etibarnamə verilmiş şəxsə “xidmətinizdə avtomobil var” deyə az qala məzəmmətlə bir “utanmırsan, yardım istəyirsən” yazmaqları qaldı…
Lakin… Fərz edək ki, bir-iki yox, xidmətimdə 5 maşın var! Axı mən işsizəm – məni qeydə almısan. Etiraf etmisən ki, heç bir yerdən gəlirim yoxdur!
Yoxdursa, nə yeyim? Bir yandan da demisən ki, “pandemiyadır, karantindir, qaxıl evdə otur – çölə çıxsan, tutub cərimələyəcəyəm”.
Mən də qanuna tabe vətəndaş kimi qaxılıb oturmuşam evimdə. Yaxşı, 5 sot bağ torpağını və ya 10 il qabaq etibarnamə ilə satdığım və varlığını belə unutduğum 40 ilin köhnə “06”-sını necə yeyim? Axı çölə çıxıb maşın və ya torpaq satmağa da qoymursan…
Həqiqət nə qədər acı olsa da belədir: karantin dövründə hökumət sosial təminat siyasətindən sinifdə qaldı.
Və… belə bir şəraitdə Kamil Zeynallının və onun kimi xeyriyyə aksiyaları keçirənlərin hərəkətləri cəmiyyət tərəfindən rəğbətlə qarşılandı. Bir boşluq var idi – onu da Kamil Zeynallının timsalında xeyirxah insanlar doldurdu.
Kamilin şəxsinə – fərdi xüsusiyyətlərinə, keçmişinə deyil, real zamanda, real şəraitdə, real gördüyü işə və onun nəticəsinə qiymət vermək lazımdır. Ehtiyacı olan insanlar var idi – onların varlığını xatırlatdı. Onlara nümayişkaranə yardım apardı – bununla başqalarına yol və nümunə göstərildi. Beləcə, bir çoxunun donu (buzu) açıldı…
Əslində, bir marafon başlandı – ayrı-ayrı şəxslər fərqli formatlarda donor və sponsorlar taparaq yardım kampaniyaları təşkil etdilər. Bəziləri bunu ictimaiyyətə açıq formada etdi, bəziləri xəbərsiz – gizli, özlərini tanıtmadan.
Bəli, yardımların çatdırılma forması bir qədər başqa formatda da ola bilərdi. Amma bu kampaniyaya təkan lazım idi. Onu da Kamil Zeynallı etdi. Məhz belə qabarıq formada kampaniya aparmaqla: sağ əlin etdiyini sol ələ nümunə göstərməklə, sol əli də vəcdə gətirməklə…
Əlbəttə, onsuz da yardım edən yardımını edəcəkdi. Bununla belə, Kamilin başlatdığı kampaniya, Tofiq Hüseynin təbiri ilə desək, hərəkata çevrilməyəcəkdi. Yardıma bu qədər meyil olmayacaqdı, aksiya ictimai xarakter almayacaqdı. Doğrudur, həm də, bu qədər yardıma möhtac insanların varlığı da faş edilməyəcəkdi…
Qürurla qeyd etmək lazımdır ki, Kamil başlatsa da, heç də ondan az iş görməyən, ancaq daha çox kadr arxasında qalmağa üstünlük verən jurnalistlər də yardım, xeyriyyə kampaniyaları keçirdilər.
İndi isə… Kamil Zeynallının yardıma ehtiyacı var. Onun niyə saxlanıldığını, nə üçün belə cəzalandırıldığını söyləmək üçün əlimizdə tutarlı fakt, arqument yoxdur. Hadisənin təfərrüatı da açıqlanmayıb. Odur ki, fərziyyə irəli sürməyəcəyik.
Bunu araşdırıb ortaya nə isə çıxarana qədər isə Kamil Zeynallı 10 sutkalıq həbs cəzasını çəkib azadlığa çıxacaq və yəqin ki, lüzum bilsə, buna özü aydınlıq gətirəcək.
Şübhəsiz, insanların bu hadisəyə reaksiyasında gözü dəstək, münasibət arayacaq. Buna haqqı da çatacaq.
Əminəm ki, cəmiyyətdə Kamil Zeynallıya mənəvi dəstəyini və hətta bundan da artığını ifadə etmək istəyən, lakin bunu dolğun reallaşdıra bilməyən çox sayda insan var. Yeganə vasitə isə KİV və sosial şəbəkələrdir. İnsanlar onun haqqını verməyə çalışır, yəni mənəvi dəstəklərini ifadə edirlər.
Amma yenə də hər hadisədə olduğu kimi, mənbəyi və mənşəyi məchul zümrə kirli informasiya “ekologiya”sını bir qədər də korlayır: Kamil Zeynallının üz-gözü qan-qançır, döyənək içində, üstü-başı cırıq, bir sözlə, sanki vəhşicə döyüldüyünü əks etdirən fotoları kütləvi yayılır.
Onun tutulması fonunda bu foto başqa kontekstdə qavranılır, məqsəd də burada aydındır: Kamil Zeynallının tutularkən guya qəddarca döyülməsi fikri formalaşdırılır.
Bəri başdan deyək ki, bu təkcə informasiya təxribatı deyil, eyni zamanda Kamil Zeynallıya ayı xidmətidir.
Əslində isə bu foto Kamil Zeynallının qrimli halıdır – özünün şəkdiyi lağ-lağı videosundakı “obrazıdır”.
Ümid edirik ki, cəmiyyət bir başqa hərəkətindən sonra Kamil Zeynallını göylərə qaldırdığı digər qəhrəmanları kimi çilik-çilik etməyəcək. Yaxud Kamil Zeynallı buna rəvac verən hərəkətə yol verməyəcək…
Yekun əvəzi:
Kamil Zeynallı – ictimai sifariş, ehtiyac, tələb idi…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adını doğrultmuş olsaydı, bu ictimai sifariş, ehtiyac, tələb yaranmayacaq, Kamil Zeynallı fenomenə çevrilməyəcəkdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhaliyə yardım kampaniyasını “Yardım kimə verilməlidir” formulu deyil, “Kimə verilməməlidir” metodikası ilə apardığından nəticə eybəcər alındı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi karantin və yardım kampaniyası dövründə əlçatmaz olduğundan insanlar gözlərini başqa istiqamətə çevirdilər.
Pandemiya əslində ölkədə işsizliyin və humantar vəziyyətin daha kəskin olduğunu göstərdi.
Bunu daha da böyüdən bir amil də çox insanın əslində qanunvericilikdən kənar əmək münasibətləri ilə işləməsi, bu səbəbdən karantin dövründə hüquqdan kənar qalması oldu.
Beləcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adındakı ilk sözə aid sahədə də xeyli boşluqların olduğu üzə çıxdı: xüsusilə özəl müəssisələrdə Əmək qanunvericiliyi və işçi hüquqları heçə sanıldığı – müqavilələrin bağlanılmadığı, əmək hüquqlarının qorunmadığı və s. göründü.
Ədalət naminə qeyd etmək lazımdır ki, dövlətin ayırdığı və müəyyən qisim əhaliyə verilmiş 190 manatlıq birdəfəlik yardım əslində fərdlərin, eləcə də Kamil Zeynallının xeyriyyə kampaniyalarından daha genişmiqyaslı və müqayisə edilməyəcək qədər böyük məbləğdə idi.
Həqiqətən də, bir çox ailələr bu 190 manatın hesabına bir qədər toxtaqlıq tapdılar.
Lakin bütünlüklə götürəndə bu iş o qədər bərbad icra olundu ki, cəmiyyətdə kifayət qədər təsirli mənfi rezonans və rəy doğurdu. Əvəzində Kamil Zeynallı və onun kimi digər humanitar yardım paylayanlar daha çox hörmət qazandı.
Qısası, Kamil Zeynallı fenomen deyil, onu fenomenləşdirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noumenliyi – mahiyyəti üzrə özünü ifadə edə bilməməsi, bacarıqsızlığı oldu.
Niyə?
Bu suala Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yardım modeli qovluğunu və metodik sistemlərini qabağına “papaq” kimi qoyub düşünməklə daha dəqiq və gələcəkdə faydası ola biləcək cavab verə bilər. Amma verməyəcək. İnkar və özünə bəraətlə yanaşı, reallıqlara arxa çevirib haqqı deyənləri susdurmağa çalışacaq.
Beləcə, sosial rəy bir qədər də bozaracaq, nəticədə yenə də dövlətə, siyasi hakimiyyətə ayı xidməti göstəriləcək…