Abşeronda təcili tibbi yardım əməkdaşları etiraz aksiyası keçiriblər

Bu gün – iyunun 17-də Abşeron Rayon Mərkəzi Xəstəxananın nəzdində fəaliyyət göstərən Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin əməkdaşları etiraz aksiyası keçiriblər.

Onlar xəstəxananın həyətində toplaşaraq hələ mart ayında Azərbaycan prezidentinin sərəncamına əsasən  pandemiya ilə bağlı vəd edilən əməkhaqqına əlavələrin ödənilməsini tələb ediblər.

“Bizdən başqa hamıya bu ödənişlər edilir. Xahiş edirik cənab prezidentin sərəncamına tabe olmayanlar cəzalandırılsın”, – etiraz iştirakçıları deyir.

Onların sözlərinə görə, şikayətlərini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzərinə çatdırıblar. “TƏBİB isə deyir ki, bizlik deyil, gedin baş həkiminizə deyin. Onun yanına isə düşmək olmur. 20 gündən çoxdur prezidentə məktub yollamışıq, cavab yoxdur”, – aksiya iştirakçıları bildirir.

Səhiyyə işçiləri təcili tibbi yardım maşınlarının çoxdan köhnəldiyini də qeyd ediblər: “2007-ci ilin maşınlarıdır, köhnədir. Onların da təmirini özümüz edirik. Adi yanacağı da özümüz alırıq. Məcburuq xəstələrdən o pulu almağa. Maşınlarda olan avadanlıq işləmir. Defibrilyator da işləmir”.

TƏBİB-dən “Turan”a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etməyi məsləhət görüblər. Lakin oradan da şərh almaq mümkün olmayıb.

Xaırladaq ki, bu gün səhiyyə işçilərinin peşə bayramıdır.

 

Mənbə: Turan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir