Bu gün səhər Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stansilav Zasa müraciət edib. Tərəflər Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə ediblər. Bu barədə KTMT-nin rəsmi saytında xəbər verilib.
Düşmən ölkənin mətbuatı Ermənistan Xarici İşlər Nazirliyinin KTMT katibi ilə mütəmadi əlaqə saxlanıldığı və qurum daxilində iş aparıldığı haqqında yazır.
Görünür, bu “işin” nəticəsidir ki, KTMT-nın baş katibi Stanislav Zas bu gün – iyulun 13-ü KTMT-nin Daimi Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüsün qəbul olunub-olunmaması, iclasın hansı formatda keçiriləcəyi haqqında məlumat yoxdur.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.