Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan prezident iqamətgahında keçirilmiş bugünkü hökumət iclasından sonra xalqa müraciət edib. Geniş çıxışında qardaş ölkənin dövlət başçısı Ermənistanla sərhəddə baş verən son hadisələrə də münasibət bildirib:
Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən həyata keçirilən hücumları şiddətlə qınadığımızı bildirmək istəyirəm
Vətənini müdafiə edən azərbaycanlılardan şəhid olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyən Ərdoğan deyib:
Yuxarı (red: Dağlıq) Qarabağın işğalından bəri bu bölgədə sürən gərginliyin Ermənistanın məsuliyyətsiz və sistematik hücumları səbəbi ilə toqquşmaya keçməsindən qayğılıyıq. Üstəlik bu son hücum Yuxarı Qarabağ xəttində deyil, birbaşa iki dövlət arasındakı sərhədlərdə və ağır silahlarla edilib. Bu vəziyyət hadisənin bir sərhəd pozulması və atışması deyil, birbaşa Azərbaycana qarşı bir məqsədyönlü təcavüz olduğunu göstərməkdədir. Heç şübhəsiz, bu hücum Ermənistanın çapını aşan bir hadisədir. Məqsəd təxribatla həm Yuxarı Qarabağ probleminin həlli ilə bağlı prosesi tıxamaq, həm də bölgədə yeni münaqişə zonaları ortaya çıxartmaqdır.
Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətləri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər növ hücumun qarşısında yer almaqda əsla tərəddüd etməyəcəkdir.
Bölgəmizdəki və dünyadakı bütün siyasi, diplomatik, sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur.
Bunu da xüsusilə ifadə etməliyəm: öz ərazisi çərçivəsində siyasi, iqtisadi, koronavirusla bağlı sağlamlıq, infrastruktur və geniş sahəni əhatə edən çoxsaylı problemlərini həll edə bilməyən bir ölkənin belə bir aqressivlik içinə girməsi hər şeydən öncə öz xalqına hörmətsizlikdir.
Ailələrini dolandırmaq üçün Türkiyədə işləməyə gələn on minlərlə erməninin dövlətlərinin bu tutarsız davranışından narahat olduqlarına inandığını dilə gətirən Ərdoğan bölgə ölkələrini Ermənistanın Dağlıq Qarabağın işğalından bəri davam edən təcavüzkar və pozucu hərəkətlərinə qarşı prinsipial və səmimi olmağa dəvət edib.
Türkiyə prezidenti bütün imkanlarla dost və qardaş Azərbaycanın yanında olmaqda davam edəcəklərini vurğulayıb.
Mənbə: AA