907-ci düzəliş – ABŞ-ın əsl üzü və ya dünya müharibəsinin əks-sədası…

Azərbaycan torpaqlarının, Qarabağın İşğalı kimi  üstündən o qədər vaxt keçib ki, gənc nəsil “907-ci düzəliş” haqqında bəlkə də heç nə eşitməyib və bilmir.

Xatırlatma:

907-ci düzəliş — 1992-ci ildə  ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına əlavə edilən və Amerika Birləşmiş Ştatlarının Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

Əslində, ABŞ demokratiyasının üz qarasıdır. Buna əminlik  üçün maddənin özü ilə tanış olun.

MADDƏ 907. AZƏRBAYCANA YARDIM GÖSTƏRİLMƏSİNİN QADAĞAN EDİLMƏSİ

  •  QADAĞA – Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin  aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.
  • QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.

Orijinalda:

Sec. 907. RESTRICTION ON ASSISTANCE TO AZERBAIJAN

(A) RESTRICTIONS – United States assistance under this or any other Act (other than assistance under title V of this Act) may not be provided to the Government of Azerbaijan until the President determines, and so reports to the Congress, that the Government of Azerbaijan is taking demonstrable steps to cease all blockades and other offensive uses of force against Armenia and Nagorno-Karabakh.

(B) WAIVER- The restriction on assistance in subsection (a) shall not apply if the President determines, and so certifies to Congress, that the application of the restriction would not be in the national interests of the United States.

ABŞ faktiki olaraq bu əlavə ilə Azərbaycanı işğalçı, Ermənistanı zərərçəkən və  Dağlıq Qarabağı ayrı subyekt kimi tanıyıb. Azərbaycanı günahkar bilib  və bu yolla cəzalandırıb. Acı da olsa, reallıq budur!

Budurmu ABŞ-ın ədaləti, demokratiya, azadlıq anlayışı?

Azərbaycan müxtəlif zamanlarda silsilə cəhdlərlə bu mənfur düzəlişi ləğv etdirməyə çalışsa da, buna nail olunmayıb və son illər ümumiyyətlə (görünür faydasız olduğu qənaətinə gəlindiyindən)  bu istiqamətdə fəaliyyət sanki dayandırılıb.

Faydası olmasa belə, düzəlişin ləğvi tələbini sistemli davam etdirmək, gündəmdən düşürtməmək lazımdır. Ən azı ona görə ki, həm Azərbaycanda, həm də daha vacibi – dünyada ictimaiyyət, mütərəqqi fikirli, ədalət hissini itirməyən insanlar  ədalətdən, demokratiyadan dəm vuran superdövlətin ağa qara deməyinin şahidi olsun, reallığı bilsin.

Odur ki, aşağıdakı linkdə

  ABŞ-dan  ədalətsiz 907-ci əlavənin ləğvini tələb edən petisiyaya imza atmanızı və bunu yaymanızı rica edirik

 

Qeyd: 20 iyuldan başlanılan aksiyadan cəmi 5 gün keçməsinə baxmayaraq 86 mindən bir qədər artıq imza toplanıb. Ağ Evin cavab verməsi üçün tələb olunan 100 000 imzaya çatmaq üçün avqustun 19-na kimi daha 14 minə yaxın  imzaya ehtiyac var.  

ABŞ niyə bu düzəlişi ləğv etmək istəmir?

907-ci düzəlişin  erməni lobbisinin səyi sayəsində qəbul olunduğu bildirilir. Əslində, bu bir pərdələmədir. Heç bir lobbi ABŞ kimi superdövlətə iradəsi xaricində nə isə qəbul etdirə bilməz. Belə lobbi oyunları məhz dövlətin özünə lazım olanda önə sürülür.

Açıq demək lazımdır:  907-ci düzəliş əslində ABŞ-ın dövlət siyasətinin və mövqeyinin təzahürüdür.

Bunun səbəblərini  təxminən 150 il qabaq  süni şəkildə yaradılmış və türklərin başına dərd olmuş “erməni məsələsi”nin kökündə axtarmaq lazımdır. Bu “məsələ” Birinci Dünya Müharibəsində kulminasiya nöqtəsinə çatdı və  layihə yeni fazada işə salındı.  (Qeyd: eyni məqsəd və sxem üzrə on illərdir yeni “kürd məsələsi” yetişdirilir)

Birinci Dünya Müharibəsində  ermənilərin  əsas himayədarından biri Rusiya, Böyük Britaniya və Fransa ilə yanaşı, ABŞ olub.  (ATƏT-in Misk qrupunun tərkibinə baxanda bir də tarixi hadisələri xatırlayıb düşünün: onlardan ədalət gözləməyə dəyərmi?!.)

Ermənilər bu dörd dövlətin əmrində Osmanlı imperiyasına qarşı daxili və xarici hücumlarda fəal iştirak edib, silsilə terror, üsyan törədiblər. Mütəşəkkil qaydada, hər cür dəstəklə.

Onlara bunun müqabilində Osmanlı torpaqlarında dövlət qurmaq sözü verilmişi. Az qala buna nail da olunmuşdu: faktiki  türk dövlətçiliyinin ölüm hökmündən ibarət Sevr müqaviləsi (10 avqust 1920) əsasında ermənilərə “xidmət”ləri müqabilində böyük pay da ayrılmışdı. Hətta fransızların bayrağı altında (indiki Adana ətrafında) Kilikiyanı bərpa etmək eşqinə də düşmüşdülər.

Sevr qüvvəyə minmədən türk xalqının qüdrəti ilə yerlə bir edildi – imperialist güclərin və onların tulalarının xəyalları gözlərində, ağızlarına apardıqları loxmaları boğazlarında qaldı. Türkiyə külündən doğdu və hazırda dünyada iddialı duruma gəlib.

Bunların 907-ci düzəlişə nə dəxli var?

Birbaşa olmasa da, dolayı çox dəxli var. Əvvəla, imperialist güclər türk dövlətləri və ümumilikdə  etnosu ilə bağlı planlarından əl çəkməyiblər. Eyni zamanda ermənilər 100 ildən çoxdur ki, onlardan Məşədi İbadın hambalı kimi hər fürsətdə “haqlarını” tələb edirlər.

Hadisələrin məğzi və əsl mahiyyəti erməni kilsə rəhbərlərinin imzası ilə avantüralarının fiaskoya uğramasından sonra  ağalarına məktubunda aydın etiraf olunub.

Tarixçi erməniləri ifşa edib: erməni ruhani liderlərinin imzaladığı etiraf kimi məktubu və digər önəmli faktları üzə çıxarıb

 

Bu məktubla və dövrə aid önəmli faktlarla tanış olun. Sənədi imzalayanlar  3 erməni məzhəbinin ruhani rəhbərləridir. Katolik ermənilər adından Bezdjiyanın, ortodoks ermənilər  adından Naglyanın, Protestant ermənilər adından da Zaveninin imzaladığı sənəd Millətlər Cəmiyyətinə göndərilib:

“Biz sizin üçün savaşdıq. 5 min nəfərlik erməni legionu yaratdıq. Şərqdə 200 mindən çox əsgər topladıq. Siz bizə dövlət vəd etdiniz və bu an sizin geri çəkilmək qərarı verdiyinizi eşidirik.  Maraş, Urfa, Antepi bizim sayəmizdə işğal edə bilmisiniz. Biz sizin üçün ölürdük. Türklərlə aramıza qan girdi. Türklər artıq sizin ucbatınızdan bizi sevmirlər. Eşitdik ki, geri çəkilməyə qərar vermisiniz. Çəkilməyinizi  qətiyyətlə qəbul etmirik. Ya getməyin, ya da gedərkən bizi də  özünüzlə aparın”.

 

Adı çəkilən imperialist dövlətlərin strategiyası (hədəfləri)  dəyişmədiyi üçün taktiki vasitələri də əhəmiyyətini itirməyib. Tarixə nəzər salsaq görərik ki, Birinci Dünya Müharibəsi  dövründə, daha sonra Osmanlının süqutu ilə Anadoluda, Fars körfəzi ətrafında, Qafqazda, hətta Orta Asiyada erməni quldur dəstələri sadaladığımız dövlətlərin birbaşa himayə və əmri ilə  türk-müsəlman soyqırımında yaxından iştirak ediblər. Əslində, soyqırımına məruz qalan biz olmuşuq: Anadoluda 1 milyon (bəzi mənbələrə görə, daha çox), Şimali və Cənubi Azərbaycanda yüz minlərlə türk-müsəlman – dincə sakin qoca, uşaq, qadın demədən kütləvi qətlə yetirilib. Təsadüfi deyil ki, bu vaxta qədər  aşkar olunan kütləvi məzarlar yalnız türklərə (azərbaycanlılara) aid çıxıb. Bu DNT analizləri və məzarlarda aşkar olunmuş insanlara aid əşyalarla müəyyənləşdirilib) Və… bir dənə də olsun ermənilərə aid kütləvi məzarlıq olmayıb!

ABŞ da daxil, dünya imperializmi niyə türk dövlətlərinin azadlığını istəmir, haqqını tanımır və ya dəstək vermir?

Krımın işğalına, separatizmə dəstəyinə görə Rusiyaya qarşı dünyanı səfərbər edib, sanksiyalarla boğan ABŞ  eyni mənbədən eyni məqsədlərlə Qarabağın işğalına və erməni separatizminə ədalətsiz yanaşır, üstəlik Ermənistanı himayə edir.

Türkiyəni parçalamaq və onun türk dövlətləri ilə əlaqəsini, xüsusilə coğrafi  – torpaq bağını kəsmək, türk dövlətlərinin gələcəkdə siyasi-iqtisadi-hərbi blokda birləşmək, beləcə də böyük gücə çevrilmək perspektivinin qarşısını almaq istəyən təkcə Rusiya deyil.  Elə bu səbəbdəndir ki, bu perspektivi əngəlləyəcək və yox edəcək hər hərəkətə ABŞ, Britaniya, Fransa, Almaniya, İran – bir sözlə türkün bütün düşmənləri dəstək  verir. “Türkün türkdən başqa dostu yoxdur” deyimi boşdan yaranmayıb və bu etnik deyil, dövlətlərarası siyasət zəminində deyilib.

Ermənistan Türkiyəni Azərbaycandan və  Xəzər üzərindən Orta Asiya türk respublikalarından ayırmaq üçün bufer zona kimi zorla araya soxuşdurulub. Hər vəchlə də bu zonanın genişləndirilməsinə çalışılır.

Ona görə də torpaqlarımız bir ucdan işğal olunur, millətimiz mütəmadi qırdırılır, dövlətimizin intibahına pəl vurulur. Təkcə torpaqlarımız deyil, bütün dəyərlərimiz – dövlətimiz, dinimiz, mənəviyyatımız, əxlaqımız hədəfdədir.

Bir milləti fiziki və mənəvi məhv etmək üçün əllərindən gələni edir və prosesdə ermənidən vasitə kimi yararlanırlar. Ona görə də ermənilər belə fərasətli, ağıllı, bacarıqlı, biz isə fərsiz görünürük. Düşmənə hər cür dəstək verilir, bizə isə hər cür əngəl törədilir.

907-ci düzəliş məhz bunun təzahürüdür. Qırmızı yalan, həyasiz iddia əsasında dediyimiz səbəblərdən qəbul olunub.

Nə və necə etməli?

Bu suala hazırkı tarixi şəraitdə cavab vermək çətindir və utopik səslənəcək.  Qlobal güclərin iradəsini qırmaq, onlara keçid verməmək, ermən kimi quldur nökərçələrə  hədlərini bildirmək, yekə burunlarını ovmaq üçün  Türkiyə daha da güclənməli, imperializmin topasına sinə gərəcək qüdrətə sahiblənməlidir ki,  eyni zamanda türk dövlətləri də onun himayəsində həqiqi müstəqilliyə, inkişafa  nail ola bilsin, adekvat gücə yiyələnsin.

Deməli, hədəfimiz, strategiyamız qlobal düşmənin hədəfində olan, yox etməyə çalışdığı  perspektiv olmalıdır: TURAN! 

 

One Comment
  1. Elxan m, tarixi, siyasi bilikləri çox dərin olmalıdır ki, insan belə bir təhlil aparsın. Mükəmməl!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir