Abbasqulu Nəcəfzadə: Qələm əhli, Habil Əliyev kimi korifeylərdən yazanda ehtiyatlı və diqqətli olun…

 

Bir neçə gün öncə –  2020-ci il 8 sentyabrda kulis.az saytı dünya şöhrətli kamança ifaçısı Habil Əliyevi  məqalə ilə anıb. Şübhəsiz, böyük sənətkarı əbədiyyətə qovuşduğu gün yad etmək təqdirəlayiq haldır. Amma bu, təqvimdən bəhrələnib korporativ maraqların təmin edilməsi –  oxucu diqqəti cəlbi üçün bayağı üsul və səthi icrada olmamalıdır.

Maraqlıdır,  bu məqaləni görəsən kim yazıb? Adətən müəllifin adı məqalənin əvvəlində, yaxud da sonunda göstərilir. Haqqında bəhs edəcəyim bu məqalə isə müəllifsiz, yəni anonim verilib.

“14 yaşlı qızla evləndi, qısqanclıqdan evinə heç kəsi buraxmadı, Əlibaba Məmmədov ona görə arvadının cehizlik qabını qırdı”

başlığı ilə təqdim olunan məqalənin preambulasında Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. Kulis.az bu münasibətlə sənətkar haqqında maraqlı faktları təqdim edir qeyd olunub.

Əvvəla, adı musiqi tarixinə qızıl hərflərlə yazılmış, yaradıcılığı ilə Azərbaycan incəsənət  xəzinəsinə misilsiz incilər bəxş etmiş Habil Əliyev kimi korifey sənətkarı belə sarı sərlövhə ilə yad etmək heç də xoş  və məqbul deyil.  Təəssüf ki, bu artıq “ənənə” halını alıb və ciddiliyindən asılı olmayaraq hər mövzu beləcə saraldılır – məqsəd təbii ki, bu sarı üsulla oxucu cəlb etməkdir. Oxucu da bu başlığı və sərlövhəaltını görüb düşünəcək ki, Habil Əliyev 14 yaşlı uşaqla evlənibmiş…

Yəqin ki, redaksiya anonim müəllifin sarı başlığından məmnun qalıb: yazı “TOP-10″da birincidir.

Amma… məqalədə deyilir:

…Toyda gələcək həyat yoldaşı olacaq Şərqiyyə xanımla tanış olur. Şərqiyyə xanım isə o vaxtı 9-cu sinifdə oxuyurmuş. Onlar 1954-cü ilin avqust ayında ailə qururlar”.

Deməli, sovet dövründə uşaqların məktəbə 7 yaşından getdiyini nəzərə alsaq, Şərqiyyə xanım 9-cu sinifdə oxuyarkən 16 yaşı olub. Eləcə də, Habil Əliyevin onu toyda görməsi onların dərhal evlənməsi anlamına gəlmir.  Dəqiq fikir söyləmək, toy tarixi (ili) bəlli olduğundan Şərqiyyə xanımın hansı yaşda Habil Əliyevlə ailə qurduğunu bildirmək üçün onun doğum tarixini dəqiqləşdirmək zəruri idi. Lakin müəllif bunu etməyib. Sadəcə, mötəbər və ciddi mənbə hesab olunmayan vikipediyada (açıq elektron ensiklopediyada)  yazılanları köçürüb və sarı başlıq icad etmək üçün “sarı” hesab aparıb.  Bilərəkdən və ya naşılıqdan – bu, fərq etməz. Fakt odur ki, Habil Əliyev heç bir zaman rəğbət bəsləmədiyi və layiq olmadığı üslubda yad edilib…

Məqalədə  daha sonra yazılır:

Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub”.

Halbuki,  Habil müəllimin 7 yaşı olanda, yəni 1934-cü ildə Ağdaşda musiqi məktəbi yox idi. Burada “3 saylı” (əslində, düzü: 3 nömrəli) dedikdə isə, ümumtəhsil məktəb nəzərdə tutulur.

Habil müəllim musiqi məktəbinə 1938-ci ildən, 11 yaşından  kamança sinfinə gedib. Ağdaşda musiqi məktəbi isə 1937-ci ildə fəaliyyətə başlayıb.

Habil Əliyevin  bibisi oğlu Şahid Abdullayev (1928 -2007) həmin musiqi məktəbinin (1937-ci ildə) ilk kamança şagirdi olub: beləcə,  Habil və Şahid – bibioğlu-dayıoğlu musiqi məktəbinin kamança sinfində təhsil alıblar.

Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi

HAŞİYƏ: Qeyd edək ki, 1937-ci ildə Ağdaşda ilk musiqi məktəbi 1934–1937-ci illərdə Ağdaş rayon İcraiyyə Komitəsinin sədri olmuş Dağlı ləqəbli  Əlihüseyn Həmidovun təşəbbüsü ilə açılıb. O, bu məktəbə Əhməd Ağdamskini müdir təyin etmişdi.

Xatırladaq ki, Əlihüseyn Dağlı Mikayıl Müşfiqin bibisi oğlu idi. 1920-ci illərdə o, Azərbaycan SSR-in ilk Hərbi Komissarı olub. Müşfiqə qarşı təzyiqlər başlayanda onu da Bakıdan uzaqlaşdırmışdılar. O, əvvəlcə  (1932-1934-cü illərdə) Balakəndə, sonra isə Ağdaşda rəhbər vəzifələrdə çalışmışdır. 1937-ci ilin noyabr ayında həbs olunmuş, 1955-ci ildə bəraət almışdır.

Habil Əliyevin anım gününə həsr olunmuş məqalədə yazılıb:

 Habil Əliyev pedaqoji məktəbi bitirib”.

Sual olunur: O, hansı pedaqoji məktəbdə təhsil alıb? Axı bu barədə heç bir informasiya yoxdur.

Məqalədə göstərilir ki;

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və xanəndə Xan Şuşinskidən muğam sənətini öyrənib”.

Amma Habil Əliyev bu ustad sənətkarlardan, eləcə də başqalarının muğam sənətindən Asəf Zeynallı adına musiqi məktəbində deyil, toy məclislərində onları müşayiət edərkən bəhrələnib.

Yazıda bildirilir ki;

Habil müəllim xanəndə Yaqub Məmmədovla uşaqlıq dostu olublar”.

Əvvəla, Yaqub Məmmədovun uşaqlığı doğulduğu Ağcabədi rayonunda keçib. Təkcə bu səbəbdən onların uşaq vaxtı dost olması həqiqətə uyğun deyil.   Doğrudur, bu iki sənətkar uşaqlıqda yox, gənclik illərindən dostluq ediblər…

Sonra yazılır:

 Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyurlar”.

Müəllif burada yəqin ki, Yaqub Məmmədovu və Habil Əliyevi nəzərdə tutur. Lakin Yaqub Məmmədov əslən  Oğuz türklərinin 24 boyundan biri olan Avşar qolundandır.

Habil Əliyevin də qaraçılara heç bir aidiyyəti yoxdur. Onu yaxından tanıyan, Ağdaşda yaşayan ustad kamança ifaçısı Şahin İbrahimli Habil Əliyevin şəcərəsinə əsasən, onun təmiz türk oğlu türk olduğunu bildirir. Şahin İbrahimlinin sözlərinə (eləcə də bir sıra tarixi sənədlərə) görə, Ağdaşda qaraçılar 1956-cı ildən məskunlaşdırılıb.  Onların Qazaxıstandan köçürüldüyü də məlumdur.

1927-ci ildə doğulan  Habil Əliyev necə qaraçı ola bilərdi? Bu sayaq mənfur iddiaları adətən ermənilər uydurublar.  Bəs bu sayaq sərsəm “fikir”ləri kulis.az niyə təkrarlayır – məqsəd nədir?

Habil Əliyevin ömür-gün yoldaşı Şərqiyyə xanım Qəbələnin Qəmərban deyil, Qəmərvan kəndindəndir.

Ümumiyyətlə, məqalədə bir çox ciddi faktoloji yanlışlıqlarla yanaşı, orfoqrafik səhvlərə yol verilib: İranın məşhur xanəndəsinin soyadı Şajaryan deyil, Səcəryandır.

Yazıda bildirilir ki, guya “qısqanc olduğuna görə Habil Əliyevin evinə heç bir musiqiçi gəlməyib”.

İnandırıcı deyil, Habil müəllimin evi həmişə qonaq-qaralı olub –  bu qonaqlıqlarda müxtəlif sənət adamları, o cümlədən tanınmış musiqiçilər iştirak edib.

Rəhmətlik Habil müəllim çörək verən, süfrəsi açıq kişi olub: onun evinə nəinki Azərbaycandan,  dünyanın bir çox ölkələrindən də  qonaqlar gəlib.

Ustadlardan – klassiklərdən, korifeylərdən məqalə hazırlayarkən qələm əhli son dərəcə diqqətli, ehtiyatlı olmalıdır. Xüsusilə faktların yoxlanılması, iddiaların dəqiqləşdirilməsi və təbii ki, həm də sərlövhə seçimi zamanı…

Müəllifi bəlli olmayan bu məqalədə Habil Əliyevin  müsahibələrindən iqtibas da verilib. Məsələn, deyilir ki;

Mənim kamançama erməni ustaları xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin”.

İnanmıram ki, Habil müəllim fikrini bu sözlərlə ifadə etsin. Çox güman ki, müsahibəni almış  jurnalist Habil müəllimin söylədiklərini düzgün qələmə ala bilməyib. Axı kamanın üzü yoxdur ki, ona dəri çəksinlər –  dəri kamançanın çanağının üzünə çəkilir. Kaman isə kamançanın tellərini ehtizaza gətirmək üçün istifadə edilən səsləndirici hissəsidir.

Daha sonra Habil müəllimin dilindən deyilir: “Ondan sonra bir az kamandan uzaqlaşdım”.

Burada da “kamandan” yox, “kamançadan uzaqlaşdım” olmalıdır.

Məchul müəllif Habil Əliyev haqqında yazır:

Adamlara, dostlarına lətifə qoşmağı xoşlayırmış”.

Oxucu elə zənn edə bilər ki, Habil müəllim özündən lətifələr qoşurmuş. Əslində isə  Habil Əliyevin  özünün də iştirak etdiyi, real həyatda baş vermiş məzəli, ibrətamiz hadisələrə hazırcavablıqla münasibət bildirdiyi məqamları onun sənət dostları hər yerdə danışırlar.

Dünya şöhrətli xanəndə, Xalq artisti, professor Alim Qasımov haqqında məqalədə yazılanları şəxsən Habil müəllimin dilindən eşitməmişəm. Ola bilər ki, Alim haqqında da zarafatyana nə isə deyib. Amma Habil Əliyev UNESKO-nun Beynəlxalq Musiqi Şurasının birinci dərəcəli mükafatçısı, Amman Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib edilmiş dünyanın 500 tanınmış müsəlmanı arasında 4 azərbaycanlıdan biri olan Alim Qasımovun sənətinə həmişə yüksək qiymət verib.

Nəşrə yeni hazırladığım, hələ işıq üzü görməyən “Alim haqqında düşüncələrim” kitabımda yer alacaq Habil Əliyev və  Alim Qasımovla bağlı olan məqamları diqqətinizə çatdırmaq istəyirəm. Xatırladım ki, Habil Əliyev Alim Qasımovu ilk dəfə Bilgəhdə keçirilmiş toyda yaxından görüb  və onu canlı olaraq dinləyib. Toyda iştirak edənlər Habil müəllimin Alimlə görüşəndə onu necə bağrına basıb:

 Sən sənət möcüzəsisən”

dediyini yaxşı xatırlayırlar…

Dərc olunacaq “Alim haqqında düşüncələrim” kitabından:

“…Şam etdikdən sonra toy mağarına daxil olduq. Toyxananın baş hissəsində Alim üçün məxsusi səhnə qurmuşdular. Toy öz axarı ilə gedirdi. Bir neçə dəstə növbə ilə çalıb-oxuyurdu. Rəhmətlik, dünya şöhrətli, Xalq artisti, “Şərəf” və “İstiqlal” ordenli Habil Əliyev də ayrıca öz dəstəsi ilə qonaqları feyziyab edirdi. Digər dəstə Bilgəh kəndinin musiqiçiləri idilər və başqa bir masa ətrafında isə virtuoz gitaraçı Rəmiş öz dəstəsi ilə əyləşmişdi.  Möcüzəli bir aləm idi…

Biz dövlət tədbirində olduğumuzdan toya çox gec – 22:30-da gəlib çıxmışdıq. Alətlərimizi kökləyib hazırladıq. Sərpayı ucadan soruşdu ki; “Alim müəllim, çıxışa hazırsınız?” Alim: “Bəli”, – deyə cavab verdi. Sərpayı toy sahibi adından digər musiqiçilərə təşəkkür edib: “Sizin ifanız bitdi, oturub qulaq asa da bilərsiniz, gedə də”, – dedi. Bütün musiqiçilər bir ağızdan Alimə qulaq asmamış  heç hara getməyəcəklərini söylədilər.  Sərpayı üzünü  Alimə tutub: “Ya Allah, başlayın”, – dedi. Alim “Şur” dəstgahını ifa etməyə başladı. Şöbədən-şöbəyə keçdikcə sərpayı qonaqların ona verdikləri pulları ikiəlli, ovucları ilə xışmalayıb Alimin qabağına qoyurdu. O qədər pul yığılmışdı ki, sayı-hesabı yox idi.

Sərpayı Alimin qulağına nə isə pıçıldadı və Alim cavab verdi: “Mütləq lazımdır, halalları olsun”. Sən demə, sərpayı Alimdən: “Sənə verilən pullardan halallıqla icazə verirsənsə, o biri dəstələrə də verim”, – soruşubmuş. Bundan sonra sərpayı toy boyu hər dəfə Alim üçün toplanılan  pulların bir hissəsini Habil Əliyevə, bir hissəsini Rəmişə, bir hissəsini də kənd musiqiçilərinə verirdi. Hazırcavab Habil Əliyev toy qurtarandan sonra Alimə: “Mən heç vaxt ifa etməyə-etməyə belə pul qazanmamışam. Sənə görə gör nə qədər bizə pul verdilər”, – dedi. Sonra Habil müəllim mənə göz vurub, gülə-gülə, zarafatyana Alimə:  “Qaqa, sabahkı toyunuz haradadır? Mən də gəlib oturum yanında, eləcə qulaq asım, millət də bizə pul versin”, -söylədi.  Alim də cavabında:

Sizin kimi nəhəng sənətkarla bir yerdə çalıb-oxumaq bizə çox böyük şərəfdir…”

 

P.S. Yuxarıda anonim yazının yanlış olan bir çox hissəsinin  Habil Əliyevə aid  vikipediya səhifəsindən götürüldüyünü qeyd etmişik. Nəzərə almaq lazımdır ki, bu sayaq  qüsurlu mənbələr  gənc tədqiqatçıları, eləcə də sadə oxucunu, Habil Əliyev haqqında məlumat almaq istəyən hər kəsi  yanlış istiqamətə yönəldir. Bu səbəbdən vikipediya redaksiyasının və bu platformada fəaliyyət göstərən könüllülərin Habil Əliyev səhifəsini mötəbər və etibarlı mənbələrə istinadən yenidən redaktə etməsinə ehtiyac duyulur.

Jurnalistlərə də sözüm var: Qələm əhli, Habil Əliyev kimi korifey sənətkarlardan yazanda (və ya başqalarının yazdıqlarını kor-koranə təkrarlayanda) ehtiyatlı və diqqətli olun. Faktları və iddiaları müxtəlif mənbələrdən istifadə etməklə  yoxlayıb dəqiqləşdirin, peşəkarlara, sənətşünaslara müraciətdən çəkinməyin…

Abbasqulu NƏCƏFZADƏ
sənətşünaslıq elmləri doktoru, professor

e-mail: a.najafzade@yahoo.com

 

 

 

 

 

 

 

2 Comments
  1. Chox saq olun, Abbasqulu muellim. Korifey senetkarlar haqqinda yalniz heqiqi alimler fikir soylemelidir. Ne yaxshi ki, varsiniz, bele seviyyesiz yazanlarin cavabini tutarli faktlarla verirsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir