Ərazilərimizdən 1155 erməni cəsədi çıxarılıb, xəbəri qondarma qurum verir – niyə?

İşğaldan azad olunmuş Azərbaycan ərazilərində erməni hərbçilərinin meyitlərinin axtarışı davam edir.

Ermənistan  mənbələrinin xəbərinə görə, bu gün daha 10 erməni cəsədi aşkar olunub. Yəqin ki bu gün açıqlansa da, əslində statistika ötən sutkaya aiddir. Eyni zamanda mənbə məlumatı Dağlıq Qarabağda hələ də “fəaliyyət” göstərən  qondarma və qanunsuz quruma istinadən yazır:

Füzulidən 5, Hadrutdan 4, Martunidən 1 cəsəd çıxarılıb.   Hadrut və Füzulidə axtarışlar davam edir”

Beləliklə, tamamilə Azərbaycanın nəzarətindəki işğaldan azad olunmuş  ərazilərdən bu günədək 1155 erməni hərbçisinin meyiti tapılaraq çıxarılıb. Xəbəri isə mütəmadi olara qondarma və qanunsuz rejimin təmsilçisi verir.

Onu da qeyd edək ki, gündəlik statistika və nəticələr bu rəqəmin böyüyəcəyi  ehtimalını gücləndirir.  Deməli, bu proses belə də davam edəcək.

 

Mənbə: news.am


REDAKSİYADAN:

Qeyd edək  ki, axtarış-xilasetmə əməliyyatı Beynəlxalq Qırmızı Xaç təşkilatının, Rusiya sülhməramlılarının, eləcə də itkin düşmüş erməni hərbçilərinin yaxınlarının iştirakı ilə aparılır. Şübhəsiz, əməliyyatlar  Azərbaycanın müvafiq orqanlarının nümayəndələrinin  nəzarəti altında keçirilir.

Bir başqa sözlə,  Azərbaycan dövlətinin humanist  məramı sayəsində bu axtarış-xilasetmə əməliyyatlarına düşmən tərəf – ermənilər də qoşulub: müharibə dayandırıldıqdan  sonra itkin elan etdikləri hərbi qulluqçularının qalıqlarını onların qohumları gəlib bizim ərazidə axtarırlar.

Əlaqədar:

Azərbaycanda 1133 düşmən cəsədi aşkar olunub – ermənilər yenə də nanəciblik edir

 

Buna görə ermənilər  dünyada hər kəsə minnətdarlıq ifadə ediblər, təkcə azərbaycanlılardan başqa: bir dəfə də olsun Azərbaycan dövlətinə və xalqına bu xoş məramına görə etiket təşəkkürünü belə dillərinə gətirməyiblər.

Üstəlik Azərbaycanın bu humanitar siyasəti fonunda yenə də öz mənfur əməllərindən əl çəkmirlər: bu axtarış-xilasetmə əməliyyatı ilə bağlı məlumat verməyi  Dağlıq Qarabağdakı separat, qondarma, qanunsuz rejim mənsubu  özünə vəzifə edib.

Azərbaycan heç bir zaman bu qondarma və qanunsuz rejimi tanımayıb, tərəf müqabili, münaqişə-danışıq subyekti kimi qəbul etməyib. Bu xüsusda  istənilən təklifi də qətiyyətlə rədd edib.

Müharibə  torpaqlarımızın azad olunması, dövlətin ərazi bütövlüyünün və  Dağlıq Qarabağ üzərində  suveren hüquqlarının bərpası uğrunda aparılıb. Nəticə etibarilə də parlaq Qələbə qazanılıb.

Hazırda ərazi bütövlüyünün əsas göstəricisi – dövlət sərhədlərinin bərpası prosesi  gedir.  Bu, olduqca mühüm, ciddi və tarixi hadisədir.

Düşünmək olar ki, Azərbaycanın Ermənistanla dövlət sərhədinin beynəlxalq hüquq və sənədlər (xəritələr) əsasında bərpasından, yeni mövqelərin tutulub möhkəmləndirilməsindən, təhlükəsizliyinin təminindən sonra daxildə – Dağlıq Qarabağda da ölkə qanunları ilə “səliqə-səhman” yaradılacaq…

Bununla belə, Rusiya sülhməramlılarının  statuslarını aşan “özfəaliyyət”i   fonunda müəyyən ictimai gərginlik, narahatlıq  var və bu, heç də əsassız deyil. Hələ də cavabsız qalan qalaq-qalaq sual mötəbər münasibət  gözləyir.

İctimai gərginliyə səbəb olan bir əsas amil də cəmiyyətin aktual mövzular üzrə  informasiya “aclığı” keçirməsidir.

Müharibə sona çatandan sonra hökumət orqanları  Azərbaycan cəmiyyətini  ehtiyac duyulan informasiya ilə yetərincə təmin etmir. Eyni zamanda,  bəzi hadisələrə operativ münasibət bildirilmir.

Cəmiyyəti narahat edən suallar çoxdur.

Məsələn,

  • Dövlət sərhədlərinin bərpası prosesi necə gedir?
  • Niyə bu barədə  Dövlət Sərhəd Xidməti məlumat açıqlamır, operativ fəaliyyət göstərmir?

(Qeyd: Dövlət Sərhəd Xidmətinin rəsmi saytında ümumiyyətlə bu mövzuda  informasiya yoxdur)

  • Müdafiə Nazirliyi və ya Fövqəladə Hallar Nazirliyi niyə erməni hərbçilərinin qalıqlarının axtarışı əməliyyatı barədə mütəmadi və operativ məlumat vermir – təşəbbüsü əlində saxlamır?

 

  • Niyə Azərbaycan ərazilərində aparılan beynəlxalq axtarış-xilasetmə əməliyyatı barədə məlumatı  mütəmadi olaraq  Dağlıq Qarabağdakı qondarma qurumun dilindən almalıyıq?

 

  • Niyə Azərbaycan cəmiyyəti  Ermənistanla sərhəddə, məsələn, Zəngəzurda və ya Qarabağda baş verən hadisələr haqqında  informasiyanı erməni-rus mənbələrindən almalı, onların ideoloji təsiri altına düşməlidir?

Qeyd:  Biz məxsusi olaraq  Dağlıq Qarabağdakı vəziyyətlə bağlı  təkcə bizi deyil, bəlkə də dünyanı maraqlandıran önəmli sualları səsləndirmədik. Onlar aktual olsa da, sərhədlərin demarkasiyası və  delimitasiyası mərhələsində məhz bu prosesə aid suala toxunduq. 

Müharibənin aktiv fazası – hərbi əməliyyatlar dayanıb, amma ideoloji informasiya savaşı hələ də davam edir.

Deyilə bilər ki, Müdafiə Nazirliyinin və ya Sərhəd Xidmətinin, yaxud digər əlaqədar orqanın başı çox qarışıqdır, işləri çoxdur.

Bəli, doğrudur. Zatən, informasiya ehtiyacı da bu işlərlə bağlı yaranıb. Hər qurumun da konkret olaraq bu ehtiyacı ödəməli olan mətbuat xidmətləri var.

Bəs onların başı nəyə qarışıqdır? Yoxsa, onlar da sərhəd çəkir, ermənilərlə çəkişir, erməni meyiti axtarır, yol, kommunikasiya qurur? Onların işi məhz ölkəni zəruri və tələb olunan informasiya ilə təmin etmək deyilmi?!.

Özü də, təkcə KİV-in deyil, hər bir Azərbaycan vətəndaşının   informasiya əldə etmək hüququ var: maddə 2.2

Qeyd edək ki, analoji məsələ ilə bağlı Müdafiə Nazirliyinə  e-mail müraciətimizə hələ də cavab verilməyib.

Əslində, hökumət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı problemlər daha geniş  və əhatəlidir, təkcə qeyd olunan orqanlarla  bağlı deyil.

Maraqlıdır, Azərbaycan Mətbuat Şurası bu xüsusda nə düşünür  –  cəmiyyətin hazırkı həssas tarixi dövründə aktual mövzularda rəsmi və mötəbər informasiyaya  ehtiyacını KİV necə ödəməlidir?

Azərbaycan cəmiyyətinin və mətbuatının bəzi mövzular üzrə erməni mənbələrinə üz tutmaması  üçün nə edilməldir?

Nəhayət, əlaqədar mətbuat xidmətlərini çevik  fəaliyyətə və əməkdaşlığa necə cəlb etmək  olar?

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir