
Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətinin hüquqi əsası olmalıdır: üçtərəfli saziş, yaxud sülhməramlı missiya mandatı…
Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan öz “Telegram” kanalında bildirib və onun yazdıqlarını düşmən ölkənin mətbuatı təkrar yayıb.
Minasyan eyni zamanda yazıb:
“Rusiya tərəfi onu (red:sənədi) hələ 9 noyabrda hazırlayıb və erməni tərəfi razılıqla imzalayıb. Ancaq Azərbaycan imzalamayıb. Azərbaycan tərəfi bu mövqedən çıxış edir ki, onlar qalib tərəfdir, Paşinyan kapitulyasiya edən. Və müqavilədə (yaxud onun bölməsində) sülhməramlıların fəaliyyətini tənzimləyəcək əlavə 3 bənd görmək istəyir:
- Qarabağda heç bir erməni qoşunları ola bilməz, belə ki, bu, Azərbaycan torpağıdır. Azərbaycan ordusu hüquqi əsasla, Rusiya hərbçiləri də Azərbaycanın razılığı ilə oradadır. Ancaq erməni hərbçiləri orada ümumiyyətlə olmamalıdır: nə Ermənistan HQ, nə də Qarabağ ordusu;
- Ermənistanın bütün rəsmi şəxslərinin Qarabağa səfərləri necə isə, hansı isə prosedur ilə Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır;
- Qarabağda özünüidarəetmə orqanlarına seçkilər/təyinat Azərbaycanla və sülhməramlılarla razılaşdırılmalıdır.
Mikayıl Minasyan daha sonra yazıb:
“Erməni tərəfinin problemi ondadır ki, kapitulyasiya həyəcanı şiddəti altında sənədi ilk imzalayıb, imkan verməyib ki, Azərbaycan sənəddən gözlədiyi tələbləri vasitəçiyə – Rusiyaya birdəfəlik təqdim etsin.
Azərbaycanla razılaşdırılmamış, amma Nikol Paşinyan tərəfindən imzalanmış müqavilə layihəsi Azərbaycana danışıqlarda əlavə rıçaqlar verir, imkan yaradır ki, tələblər yerinə yetirlmədiyi təqdirdə Azərbaycan sülhməramlıların çıxarılmasını tələb etsin”.
Ermənistanda gedən siyasi-ictimai proseslərdə fəal iştirak edən və demək olar ki, hər gün ən aktual məsələlərə münasibət bildirməklə cəmiyyətdə müəyyən rəy formalaşdırmağa çalışan Mikayıl Minasyan yazdıqlarından sonra P.S – “post scriptum” olaraq əlavə edib ki, guya “11 yanvarda bu sənəd müzakirə olunmayacaq”…
Redaksiyadan:
Qeyd edək ki, Mikayıl Minasyan Ermənistanın keçmiş prezidenti Serj Sarksyanın kürəkənidir.
Keçən ilin noyabr ayında erməni mətbuatı onun qayınatası Serj Sarksyana İtaliyada, Romanın ən nüfuzlu kvartallarından birində dəyəri 20 milyon dollar olan mülk hədiyyə etməsi haqqında yazmışdı. Mülkün ünvanı və şəkilləri də dərc olunmuşdu.
Minasyan 2018-ci ilin aprelində qanunsuz varlanmağa görə həbs olunub və qısa müddət sonra azadlığa çıxıb.
O, müharibəyə qədər yaxın dövrdə Nikol Paşinyanı və ailəsini silah, brilyant, siqaret qaçaqmalçılığında ittiham edirdi.
Müharibədən sonra Minasyan Nikol Paşinyana qarşı geniş siyasi kampaniya başlayıb, dövlət sirlərini faş etməkdən belə çəkinmədən ictimai rəyi ona qarşı yönəldib. O, “Nikol satqındır”, “Nikol xaindir”, “Paşinyan Qarabağı satdı” kimi damğalarla hakimiyyəti devirmək üçün zəmin yaratmağa çalışan, Ermənistanın müharibədə məğlubiyyəti, kapitulyasiya faktından geniş istifadə edən revanşist klanlar tərəfindən önə çıxarılmış siyasi-ictimai fiqurlardan biridir.

Hazırda bu şəxsin də daxil olduğu siyasi müxalifət, əslində vurulmuş klan mənsubları revanş (qisas) hissi ilə hakimiyyət davası aparır, məqsədlərinə çatmaq üçün taladıqları böyük maliyyə imkanları ilə yanaşı, dövlət və idarəçilik sistemində hələ də malik olduqları kanallar vasitəsilə prosesləri istədikləri səmtə yönəltməyə çalışırlar.
Lakin Ermənistan əhalisi uzun müddət ölkəni talamış Qarabağ klanının üzvlərinə etibar etmir. Hətta onlarda Qarabağ ermənilərinə qarşı əvvəldən də mövcud olmuş kin, nifrət maksimum həddə yüksəlib və onlar bunu gizlətmirlər. Ermənistan erməniləri Qarabağ ermənilərini erməni saymır, bəzi hallarda dillərini belə başa düşmədiklərini bildirirlər.
Təsadüfi deyil ki, böyük maliyyə və təsir imkanlarına mailk oliqarx qruplaşmalar, xüsusilə Qarabağ erməni klanı ictmai-siyasi aksiyaları kütləviləşdirə bilmir. Əhalinin böyük qismi onların çağırışlarına məhəl qoymur, etiraz mitnqlərinə gəlmirlər.
Keçmiş hakimiyyət klanı Nikol Paşinyanı devirmək və yenidən ölkəyə sahiblənmək üçün dövlət sirlərini açıqlamaqdan belə çəkinmirlər.